MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNDƏ AMERİKA-AZƏRBAYCAN CƏMİYYƏTİ NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞ
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə general-leytenant Eldar Mahmudov xaricdə yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birlik və həmrəyliyin təmin olunması, habelə Azərbaycan cəmiyyətlərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi, Azərbaycan diasporunun formalaşması istiqamətində görülmüş işlər barədə nümayəndə heyətinin üzvlərinə ətraflı məlumat vermişdir. Təxmini hesablamalara görə hazırda dünyanın bir çox dövlətlərində 50 milyondan artıq soydaşımızın yaşadığını xatırladan nazir Eldar Mahmudov, dünya azərbaycanlılarının ilk qurultayından ötən 5 il ərzində 300-dən artıq Azərbaycan icmasının və birliyinin yaranmasının böyük önəm daşıdığını bildirmişdir.
Daha sonra nazir Eldar Mahmudov respublikamızın məruz qaldığı erməni təcavüzü, Ermənistanın işğalçılıq, terrorçuluq və soyqırımı siyasəti, ölkəmizin düçar olduğu faciələr haqqında həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, Azərbaycana qarşı təhdidlərin qarşısının alınmasında yardım göstərilməsi, milli təhlükəsizliyin təmin olunması və milli maraqların qorunması üzrə birlik nümayiş etdirilməsində hər bir azərbaycanlının, Azərbaycan diasporunun üzərinə böyük vəzifələr düşdüyünü qeyd etmişdir.
Amerika-Türkiyə Assosiasiyaları Assambleyasının prezidenti Vural Cengiz diasporun qarşısında duran vəzifələrlə bağlı nazir Eldar Mahmudovun fikirləri ilə tam razı olduğunu bildirərək, qondarma “erməni soyqırımı” ilə bağlı aparılan əsassız kampaniyaya və Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terrorçuluq siyasəti əleyhinə türk və Azərbaycan diasporlarının birgə səy göstərmələrinin vacibliyini vurğulamışdır.
Səmimi və mehriban qarşılandıqlarına, ətraflı və dolğun məlumata görə təşəkkürünü çatdıran Amerika-Azərbaycan Cəmiyyətinin prezidenti Tomris Azəri martın 16-da keçiriləcək Dünya azərbaycanlılarının II qurultayının Azərbaycan diasporunun təşkilatlanmasında mühüm rol oynayacağına əminliyini bildirmişdir.