MƏDƏNİYYƏT
“Min möhtəşəm günəş” tamaşası yenidən səhnədə
Bakı, 1 noyabr, AZƏRTAC
Noyabrın 27-də İrəvan Dövlət Azərbaycan Dram Teatrının təqdimatında əfqan yazıçısı Xalid Hüseyninin məşhur romanı əsasında səhnələşdirilən “Min möhtəşəm günəş” ikihissəli dram nümayiş olunacaq. Tamaşa Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində göstəriləcək.
İrəvan Dövlət Azərbaycan Dram Teatrından AZƏRTAC-a bildirilib ki, teatr 136-cı mövsümün açılışında tamaşanın anşlaqla keçməsini nəzərə alaraq yenidən səhnəyə qoymaq qərarına gəlib.
Tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, quruluşçu rəssamı Məhsəti Eldarova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cavanşir Quliyevdir.
Səhnə əsərində rolları teatrın aktyorları ifa edəcək.
Əsərin mövzusu Əfqanıstanda qadın hüquqsuzluğundan bəhs edir.