Mingəçevir Dövlət Universitetində Müstəqilliyin Bərpası Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 18-də Mingəçevir Dövlət Universitetində (MDU) Müstəqilliyin Bərpası Gününə həsr olunmuş elmi-praktiki seminar keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə universitetin Təhsil fakültəsinin dekanı, dosent Nizami Zeynalov “Azərbaycanın müstəqilliyinin dünəni və bu günü” mövzusunda çıxış edib. O, Prezident İlham Əliyevin yürütdüyü siyasətin müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və əbədi olmasına xidmət etdiyini deyib, həmçinin Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın regionda qazandığı diplomatik nailiyyətlərdən və ölkəmizin beynəlxalq aləmdə mövqeyinin güclənməsindən danışıb.
Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev isə müstəqillik illərində elmi və innovativ inkişafın Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək, gənclərin elmi tədqiqatlara marağının artırılması üçün universitetdə görülən işlərdən söz açıb. V.Mustafayev elmin inkişafının ölkənin müstəqilliyinin möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.
Daha sonra MDU-nun tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “Müstəqilliyimiz bu gün: reallıqlar və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış edib. A.Qədirova çıxışında Azərbaycanın müstəqillik mübarizəsindən bəhs edib, 1991-ci ildə dövlət müstəqilliyinin bərpası və bu prosesin xalqımız üçün tarixi əhəmiyyətini diqqətə çatdırıb. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışaraq, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları vurğulayıb. A.Qədirova çıxışında Qarabağ Zəfərinin Azərbaycanın müstəqillik tarixində müstəsna yer tutduğunu qeyd edib və gələcəkdə ölkəmizin qarşısında duran əsas perspektivlərdən söz açıb.
Seminar zamanı müstəqillik mövzusunda hazırlanan videoçarx nümayiş olunub.
Daha sonra iştirakçılar arasında mövzu ilə bağlı geniş müzakirələr aparılıb.