İDMAN
“Mingəçevir Reqatası-2023” turnirinin ikinci gününün proqramı açıqlanıb
Mingəçevir, 26 oktyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Mingəçevir Reqatası-2023” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, 8 ölkədən 14 komandanın iştirak etdiyi yarışın ikinci günündə Azərbaycan avarçəkənləri də mübarizə aparacaqlar.
2005-2006-cı, 2007-2008-ci və 2009-2010-cu il təvəllüdlü idmançılar kayak, kanoe və akademik avarçəkmə qayığında 200, 500, 1000, 1500 və 2000 metr məsafəyə yarışda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
2007-2008-ci il təvəllüdlü idmançıların birnəfərlik kayak qayığında 1000 metr məsafəyə mübarizəsində Amil Ramazanov bütün rəqiblərini geridə qoyaraq çempion olub.
2007-2008-ci il təvəllüdlü idmançılar arasında ikinəfərlik kayak qayığında 1000 metr məsafəyə yarışda isə 2 cütlüyümüz mükafatçılar sırasında yer alıb. Mark Nikulov-İman Həsənov cütlüyü finişə birinci çatıb. Nihad Quliyev-Şahin İsayev dueti isə üçüncü yerə layiq görülüb.
2007-2008-ci il təvəllüdlü oğlanların ikinəfərlik akademik avarçəkmə qayığında 1500 metr məsafəyə yarışında Cahangir Məmmədli ikinci yeri tutub.
Qeyd edək ki, “Mingəçevir reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Qalib idmançılar diplom və medallarla mükafatlandırılacaq.