Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilmişdir
Mingəçevir, 21 yanvar (AZƏRTAC). Mingəçevir şəhərində 20 Yanvar faciəsinin qurbanları ehtiramla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, yanvarın 20-də Mingəçevir şəhər icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, gənclər şəhidlər xiyabanında faciə qurbanlarının xatirə kompleksini ziyarət etmişlər. Abidə kompleksi önünə gül dəstələri düzülmüş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edənlər 24 il əvvəl Sovet ordusu tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar.
Daha sonra Mingəçevir Dövlət Dram Teatrında 20 yanvar qurbanlarına həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş, Heydər Məsçidində dini mərasim keçirilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Xatırladaq ki, faciənin 24-cü il ildönümü ərəfəsində şəhərin bütün idarə və təşkilatlarında, təhsil və mədəniyyət müəssisələrində “dəyirmi masa”lar, yığıncaqlar təşkil edilmiş, orta məktəblərdə faciə ilə bağlı xüsusi dərslər keçirilmişdir.