Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib




Mingəçevir, 13 iyun, Vüsalə Cənnətova, AZƏRTAC
Mingəçevirdə “15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər icra hakimiyyəti və YAP şəhər təşkilatı tərəfindən Milli Qurtuluş Günü ilə bağlı təşkil edilən tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Konfransda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib. Çıxışlarda Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən birinin tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günü olduğu bildirilib. Vurğulanıb ki, bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olub, respublikanın inkişafının sarsılmaz təməlləri qoyulub. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı uğurlu siyasi xətti qətiyyət və bacarıqla davam etdirir. Artıq Milli Qurtuluş Gününü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, Qələbə ovqatı ilə qeyd edirik.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına üzv olan 6 gəncə partiyanın vəsiqəsi təqdim olunub.