Mingəçevirdə Rusiya və Azərbaycan gənclərinin iştirakı ilə forum keçirilir
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də Mingəçevirdə Rusiya və Azərbaycanın gənc liderlərinin ən böyük dialoq platforması olan iki ölkənin gənclərinin III Təşəbbüs forumu öz işinə başlayıb.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsindən məqsəd Rusiya və Azərbaycanın gənc liderlərinin humanitar əməkdaşlıq sahəsində praktik qarşılıqlı fəaliyyətinin təqdimatı və effektiv mexanizmlərin tətbiqidir.
Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski, Mingəçevirin İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, gənclər təşkilatlarının nümayəndələri, könüllülər, sahibkarlar və elm xadimləri forumun işində iştirak edirlər.
Forumun açılışında çıxış edən Azərbaycanın gənclər və idman nazirinin müavini İndira Hacıyeva qeyd edib ki, Azərbaycan və Rusiyanı ortaq dəyərlər, mənəvi və yaradıcılıq əlaqələri birləşdirir və bu səbəbdən ölkələrimiz arasında mədəni əməkdaşlıq inkişaf edir. Nazir müavini əlavə edib: “2022-ci ilin fevralında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə sayəsində bizim əməkdaşlığımız ünsiyyətdən əməli müstəviyə keçir və əvvəlki forumlarda bunun üçün yaxşı bünövrə qoyulub. Məhz humanitar əməkdaşlığın bir hissəsi olan gənclər siyasəti gələcəkdə siyasi, iqtisadi, sosial və mədəni sahələrdə olan siyasi kursun həyata keçirilməsi üçün bir şəbəkə yaradır”.
Rusiyanın elm və ali təhsil nazirinin müavini Konstantin Moqilevski qeyd edib ki, gənclər bizim gələcəyimizdir. O deyib: “Başa düşürük ki, bu gün burada toplaşanlar bizim ölkələrdə lider mövqeyi tutacaqlar. Gənclərin ideyalarını, təmaslarını və layihələrini bölüşəcək platforma yaratmaq bizim üçün mühüm əhəmiyyətə malikdir. Əməli nəticələrin olması üçün gəncləri həvəsləndirməliyik, axı biz istəyirdik ki, siz diqqəti təkcə nəzəriyyə və müzakirələrə deyil, həm də birgə layihələrin sürətlə həyata keçirilməsinə yönəldəsiniz”.
Forum çərçivəsində Azərbaycan və Rusiyanın gənclər siyasətinin həyata keçirilməsinə yanaşmalar mövzusunda plenar iclas, iki ölkənin gənclər siyasətinə, elmi əməkdaşlıq və Rusiya və Azərbaycan gənclərinin peşə imkanlarını reallaşdırmağa dair paralel diskussiyalar, üç istiqamətdə - regionlarda gənclərin sosial layihələri; gənclərin elmi əməkdaşlığı; gənc sahibkarlıq üzrə layihə işləri şəklində praktikumlar təşkil olunacaq.