AZƏRTAC-ın müxbiri xəbər verir ki, Gəncədəki olimpiya idman kompleksində Respublika Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən YUNİSEF-in “Uşaqlar üçün birləşin, QİÇS əleyhinə birləşin” kampaniyasının birillik yubileyini qeyd etmək məqsədi ilə 14-18 yaşlı gənclər arasında təşkil olunmuş mini futbol turnirinə start verilmişdir. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Paşa Paşayev turnirin açılışında çıxış edərək son illər ölkəmizdə gənclərin sağlamlığı istiqamətində görülən işlərdən, onların pis vərdişlərdən yayındırmaq və sağlam ruhda tərbiyə olunmaları məqsədi ilə keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır. Sonra respublika gənclər və idman naziri Azad Rəhimov, YUNİSEF-in Azərbaycandakı nümayəndəliyinin proqram əlaqələndiricisi Cilan Vikas çıxış edərək QİÇS-ə qarşı mübarizə sahəsində respublikada görülən işlərdən danışmış və bu turniri həmin tədbirlərin davamı kimi qiymətləndirmişlər. Sağlamlığın qorunmasında idmanın seçilməsinin təsadüf olmadığını qeyd edən natiqlər belə turnirlərin gənclərin həyatına, sağlam düşüncəsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə etmişlər.
Açılış mərasimində karate üzrə ikiqat Avropa çempionu Könül Rzayeva və Azərbaycan Könüllülər İcma Birliyinin nümayəndəsi Səbuhi Rzayev turnir iştirakçılarını salamladıqdan sonra YUNİSEF-in bayrağı qaldırılmışdır. Turnirdə iştirak edəcək Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Xanlar, Goranboy, Yevlax, Tərtər futbol komandalarının üzvləri marş sədaları altında meydandan keçmişlər. Sonra turnirə start verilmişdir.