MİNSKDƏ DÜNYANIN ƏN UCA TELEQÜLLƏLƏRİNDƏN BİRİ TİKİLƏCƏKDİR
O demişdir ki, bu teleqüllənin tikintisi təxminən 100 milyon dollara başa gələcəkdir. Hazırda tikintinin kreditləşdirilməsi, xarici sərmayəçi və şirkətlərin cəlb edilməsi ilə bağlı məsələlər ətraflı nəzərdən keçirilir.
Obyektin əsasını 260 metr hündürlüyündə dəmir-beton gövdə təşkil edəcəkdir. Metal konstruksiyalardan ibarət qalan bütün elementlər onun üstündə quraşdırılacaqdır. Bu isə tikintinin dəyərini aşağı salmağa imkan verəcəkdir.
Belə bir teleqüllənin ucaldılması ideyası hələ ötən ilin əvvəllərində meydana gəlmişdir. Fevralın 16-da Belarus Prezidenti Aleksandr Lukaşenko bildirmişdir ki, layihənin həyata keçirilməsini şəxsi nəzarətinə götürəcəkdir. O, obyektin iki ildə tikilib təhvil verilməsini tələb etmişdir. Layihəyə əsasən, Minsk teleqülləsi həcminə görə Moskvadakı Ostankino teleqülləsindən (hündürlüyü 550 metrdən artıqdır) sonra ikinci olacaqdır. 60 və 240 metr hündürlükdəki sahədə bar və restoranlar, seyrangahlar yerləşdiriləcəkdir.
Yeri gəlmişkən, Çin Ostankino teleqülləsini kölgədə qoyacaq belə obyekt ucaltmaq niyyətindədir. Çinlilər dünyada ən uca qüllə tikməyə hazırlaşırlar - qüllənin özünün hündürlüyü 450 metr, milinin hündürlüyü isə 160 metr olacaqdır.