Miqrasiya üzrə Regional Təlim Mərkəzində seminar keçirilib
Bakı, 16 may, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzində “BMT QAK-ın Əfqanıstan üzrə yenilənmiş rəhbər qeydi və qərarların qəbul edilməsi” mövzusunda seminar keçirilib.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, seminarda BMT QAK-ın nümayəndələri və DMX-nin əməkdaşları iştirak edib.
Tədbirdə çıxış edən BMT QAK-ın hüquq şöbəsinin müdiri İvan Çarnetski mövzunun aktuallığını və əhəmiyyətini diqqətə çatdırıb. Beynəlxalq himayə ehtiyacları, daxili yerdəyişmə alternativi, yerində müraciətlər, müvəqqəti himayə, ailənin vəhdəti, geri qaytarmama barədə məlumatlar verilib.
Sonra DMX-nin nümayəndəsi Elmar Mürsəliyev və BMT QAK-ın təmsilçiləri Aydan Seyidovanın, Sənan Hacıyevin çıxışları dinlənilib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.