Misir mətbuatı 31 mart soyqırımından yazır
Qahirə, 31 mart, AZƏRTAC
Azərbaycanın Misirdəki səfirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatı bu ölkənin Yaxın Şərq xəbərlər agentliyində və bir sıra internet saytlarında yayılıb.
Bəyanatda Azərbaycan xalqına qarşı tarixdə törədilmiş vəhşiliklərdən, torpaqlarımızın 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənçay” müqavilələri əsasında parçalanmasından və xalqımızın öz tarixi torpaqlarından çıxarılmasından bəhs edilib, 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında geniş məlumat verilib.
Birinci dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci ilin martın 31-də Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımına, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqlarına və şəhərləri viran qoyduqlarına dair məlumatlar bəyanatda öz əksini tapıb. Sənəddə, həmçinin 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və genişmiqyaslı qətllər və vəhşiliklər də qeyd olunub.
Bəyanatda 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığı, 1918-ci ilin martın baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-cu və 1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü kimi qeyd olunduğu vurğulanıb.
Dağlıq Qarabağ münaqişəsi barədə məlumatların əks olunduğu bəyanatda 1992-ci ildə Ermənistan və Azərbaycan arasında sözügedən problemin həlli üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi altında Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının başlandığı bildirilir. Lakin 20 ildən çoxdur ki, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyinə görə sülh danışıqlarının müsbət nəticə vermədiyi vurğulanıb. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələr Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə