SİYASƏT
Misir mətbuatı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ərəb dilində nəşr olunan kitabdan yazır
Qahirə, 29 may, AZƏRTAC
Misirin aparıcı elektron qəzetləri və portalları - “gate.ahram.org”, “Youm 7”, “asyaelyoum” və digər saytlar Azərbaycanın Misirdəki səfirliyinin mətbuat attaşesi Emil Rəhimovun müəllifi olan Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ərəb dilində nəşr olunan kitabın işıq üzü görməsindən yazır.
AZƏRTAC-ın məlumatına görə, məqalələrdə bildirilir ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi. Müsəlman Şərqində ilk demokratik respublika (1918-2018-ci illər)” adlı kitab Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı ərəb dilində ilk fundamental nəşrdir.
Qeyd edilir ki, Azərbaycanın XİN-in və nazirliyin nəzdindəki Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə çap olunan kitab 1918-ci ildən 2018-ci ilə qədər olan dövrü əhatə edir.
Yazılarda diqqətə çatdırılır ki, nəşrdə “Azərbaycanın coğrafi mövqeyi, təbii sərvətləri və strateji əhəmiyyəti”, “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika (1918-1920)”, “Azərbaycan Sovet Sosialist Respublikası (1920-1991)”, “Azərbaycanın yenidən öz müstəqilliyini bərpa etməsi (1991-2003)”, “Azərbaycan yeni minilliyin astanasında (2003-2018)” adlı fəsillərdə müəllif ölkəmizin tarixinin bu əhəmiyyətli dövrü barəsində tarixi faktlarla ərəbdilli oxuculara müfəssəl məlumat verir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə