Misirin aparıcı qəzetində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı məqalə dərc edilmişdir
Qahirə, 15 yanvar (AZƏRTAC). Azərbaycanın Misirdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu ölkənin aparıcı qəzetlərindən olan və geniş oxucu kütləsinə malik “Youm7” qəzetində (http://www.youm7.com/News.asp?NewsID=908060) 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı səfir Ş.Abdullayevin məqaləsi dərc edilmişdir.
Məqalədə 20 Yanvar faciəsinin Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu yazan səfir Misirdə 2011-ci il yanvarın 25-də baş vermiş hadisələrlə müqayisə apararaq, Misir ordusundan fərqli olaraq, XI Qızıl ordunun öz azadlığını tələb edən və haqq səsini ucaldan Azərbaycan xalqının dinc etiraz nümayişinə qarşı ağır texnikadan və iri çaplı odlu silahlardan istifadə etdiyini vurğulamışdır.
Azadlıq və müstəqillik istəyi ilə bərabər, müəllif Ermənistanın ölkəmizə qarşı ərazi iddialarının, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi şəkildə qovulmasının və bu kimi vəhşiliklərin müqabilində sovet rəhbərliyinin etinasızlığının da 20 Yanvar ərəfəsində xalqımızın haqlı narazılığına şərait yaradan amillər sırasında olduğunu oxucuların diqqətinə çatdırmışdır.
Həmin vaxt sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilən və məqsədinin Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar əməliyyatı nəticəsində 130-dan artıq azərbaycanlının qətlə yetirildiyi və 700-dən artıq soydaşımızın isə yaralandığı barədə məlumat verən səfir, qanlı Bakı hadisələrindən sonra günahsız insanların qətlində bilavasitə əli olan M.Qorbaçova 1990-cı ilin oktyabr ayında Nobel sülh mükafatının verilməsinin ədalətsiz olduğunu söyləmişdir.
“Human Rights Watch” və digər beynəlxalq təşkilatların hesabatlarında sovet rəhbərliyinin bu qanlı cinayətkar əməlinə qiymət verildiyini xatırladan Ş.Abdullayev 20 Yanvar hadisələrindən sonra Azərbaycan xalqının azadlıq və müstəqillik əzminin daha da gücləndiyini və nəticə etibarilə ölkəmizin öz müstəqilliyinə yenidən qovuşduğunu bildirmişdir.
Müəllif müstəqilliyinin ilk illərindən Ermənistanın hərbi təcavüzü ilə üzləşməsinə və torpaqlarının 20 faizinin işğal olunmasına baxmayaraq xalqımızın müstəqil, demokratik və firavan dövlət qurmaq əzminin heç vaxt səngimədiyini diqqətə çatdırmışdır. Səfir oxuculara Azərbaycanın bu gün öz inkişaf göstəricilərinə görə regionun lider dövləti olması barədə ətraflı məlumat vermişdir.
Azərbaycanın Qahirədəki səfirliyi tərəfindən 20 Yanvar faciəsi ilə əlaqədar Misir mətbuatında silsilə yazıların nəşr etdirilməsi, ölkənin aparıcı televiziya kanallarında verilişlərin təşkil olunması və şəhidlərin xatirəsini anma mərasiminin keçirilməsi nəzərdə tutulmuşdur.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə