MİSİRİN AZƏRBAYCANDAKI SƏFİRİNİN DİPLOMATİK MİSSİYASI BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, avqustun 22-də Bakıdakı Misir Mədəniyyət Mərkəzində Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Yusif Əhməd İbrahim əl-Şarkavinin Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar tədbir keçirilmişdir.
Mərkəzin direktoru Adel Darviş Misir səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti müddətində müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi və humanitar sahələrdə bir sıra birgə layihələrin həyata keçirildiyini bildirmiş, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasını müsbət qiymətləndirmişdir.
A.Darviş vurğulamışdır ki, ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində 2002-ci ildən fəaliyyət göstərən Azərbaycan-Misir Hökumətlərarası İqtisadi, Texniki və Elmi Əməkdaşlıq üzrə Müştərək Komissiyasının fəaliyyəti mühüm rol oynamışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin ötən il Misirə səfərini xatırladan A.Darviş, bu səfərin dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini diqqətə çatdırmışdır.
Yusif Əhməd İbrahim əl-Şarkavi dost ölkələr olan Misir Ərəb Respublikası ilə Azərbaycan arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə etmişdir. Səfir demişdir ki, ölkələrimizin prezidentləri arasında keçirilmiş görüşlər və əməkdaşlığa dair imzalanmış sənədlər dostluq münasibətlərimizin daha da dərinləşməsinə töhfə vermişdir.
Diplomat son illərdə Azərbaycanda qazanılan uğurların ölkəsinin diqqət mərkəzində olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, ölkəsi Azərbaycan ilə iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlıdır.
Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə Misir səfirinə ən xoş arzularını bildirmişlər.