Misirin milli bayramı şərəfinə
Bakı, 24 iyun (AZƏRTAC, Ülviyyə Məmmədli). İyunun 24-də Misirin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səslənmişdir.
Misirin Azərbaycandakı müvəqqəti işlər vəkili Heysam Cəlal çıxış edərək ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır.
Diplomat Azərbaycan ilə Misir arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini söyləmişdir.
Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlərin və imzalanmış çoxsaylı sənədlərin əhəmiyyətini vurğulayan müvəqqəti işlər vəkili əmin olduğunu bildirmişdir ki, ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlərimiz bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Heysam Cəlal Misirin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu diqqətə çatdıraraq ötən dövrdə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində böyük uğurların əldə edildiyini vurğulamışdır.
Mərasimdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edərək əlamətdar bayram münasibətilə Misir xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.
Nazir demişdir ki, ölkələrimiz arasında mədəni əlaqələr hələ qədim dövrlərdən mövcud olmuşdur. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu münasibətlər digər sahələr üzrə də yüksələn xətlə inkişaf etməyə başlamışdır. Son illərdə iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığın inkişafını özündə əks etdirən bir sıra mühüm ikitərəfli sənədlər imzalanmışdır.
S.Müslümov Azərbaycan ilə Misir arasında genişlənən əlaqələrdən məmnunluğunu bildirərək qeyd etmişdir ki, yüksək səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha sürətlə inkişafına təkan verəcəkdir.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.