SİYASƏT
MİSİRİN NÜFUZLU “ƏL-EHRAM ƏL-ARABİ” JURNALINDA AZƏRBAYCAN SƏFİRİNİN MÜSAHİBƏSİ DƏRC OLUNMUŞDUR
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, Misirin nüfuzlu “Əl-Ehram Əl-Arabi” jurnalının iyun nömrəsində səfir Faiq Bağırovun müsahibəsi dərc olunmuşdur. Müsahibənin verilməsinə səbəb jurnalda Azərbaycanın işğal olunmuş ərazisində ermənilərin apardıqları qazıntı işləri zamanı guya qədim erməni şəhəri – Tiqranakertin qalıqlarının aşkar edilməsi ilə bağlı bir erməni professorunun sözlərinə istinadən dərc edilmiş məqalə olmuşdur.
Səfir F.Bağırov müsahibəsində jurnalın “Tiqranakertlə” bağlı dərc edilmiş məqaləsindəki məlumatların həqiqətən tamamilə uzaq olduğunu bildirərək, bir çox tarixi sənədlərin bunun əksini sübut etdiyini qeyd etmişdir. Gözəl təbiətə malik Qarabağın həmişə Azərbaycana məxsus olduğunu və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdıran səfir, bu qədim ərazinin tarixi adının nə rus, nə də erməni sözü deyil, məhz Azərbaycan sözü olduğunu da xüsusi vurğulamışdır. Səfir Dağlıq Qarabağda çoxlu erməni əhalinin yaşaması faktının isə gələcəkdə Azərbaycanda münaqişə yaratmaq məqsədi ilə çar Rusiyasının həyata keçirdiyi siyasətin nəticəsi olduğunu bildirmişdir. Çar Rusiyası ermənilərin Yaxın Şərqdən, xüsusilə də Livan, Suriya və Misirdən bu bölgəyə köçürülməsini təşkil etmişdir.
Müsahibədə Dağlıq Qarabağ münaqişəsinin müasir tarixinin 1988-ci ildən başlandığı, Ermənistanın həmin ildən başlayaraq, Sovet İttifaqı qoşunlarının, habelə Suriya, Livan və digər ölkələrdə yaşayan erməni diasporunun köməyi ilə Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi və 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs imzalandığı qeyd olunmuşdur. Ermənistanın təcavüzkar siyasəti nəticəsində Dağlıq Qarabağdan başqa Azərbaycanın 7 rayonunun da işğal edildiyi, 30 mindən çox azərbaycanlının öldürüldüyü və bir milyondan çox azərbaycanlının doğma el-obasından didərgin düşdüyü bildirilmişdir. Ermənilərin işğal etdikləri ərazilərdə dinc əhaliyə qarşı amansız qırğınlar, vəhşiliklər törətdikləri və xüsusilə 1992-ci il fevralın 26-da Xocalı şəhərinin işğalı zamanı 600-dən çox insanın vəhşicəsinə öldürülməsi barədə məlumat verilmişdir.
Müsahibədə, həmçinin Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini azad etməsi haqqında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qərarlarının hələ də yerinə yetirilmədiyi vurğulanmışdır.
Səfir bildirmişdir ki, bütün bunlara baxmayaraq, Azərbaycan sülhpərəst mövqe nümayiş etdirərək, münaqişənin dinc yolla həll edilməsi üçün işğalçı Ermənistanla ATƏT-in Minsk qrupu vasitəsilə danışıqlar aparır.
Müsahibədə Azərbaycanın Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusu verməyə hazır olduğu, Ermənistan tərəfindən danışıqlarda konstruktiv mövqe tutmağı tələb etdiyi diqqətə çatdırılmışdır.