Misirin nüfuzlu “tahrirnews” internet səhifəsində 20 Yanvar faciəsi barədə məqalə yerləşdirilmişdir
Əmman, 21 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar səfir Şahin Abdullayevin Misirin nüfuzlu “tahrirnews” internet səhifəsində məqaləsi yerləşdirilmişdir (http://tahrirnews.com/news/view.aspx?cdate=20012014&id=15198d39-704b-4255-bb25-0f9b8e8e57f8).
20 Yanvarın Azərbaycan xalqının yaddaşında silinməz iz qoyduğunu qeyd edən səfir keçmiş sovet ordusunun öz azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqının dinc etiraz nümayişlərinə qarşı ağır texnika və odlu silah işlətdiyini vurğulamışdır. Müəllif Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları, azərbaycanlıların tarixi torpaqlarından kütləvi şəkildə qovulması müqabilində Sovet rəhbərliyinin etinasızlığının da xalqda haqlı narazılıq doğuran amillər sırasında olduğunu bildirmişdir.
Məqsədi Azərbaycan xalqının azadlıq əzminin boğulması olan 20 Yanvar əməliyyatı nəticəsində günahsız insanların qətlə yetirildiyi və yaralandığı barədə məlumat verən səfir qanlı Bakı hadisələrindən sonra bu qırğında bilavasitə əli olan M.Qorbaçova Nobel sülh mükafatının verilməsini ədalətsizlik kimi qiymətləndirmişdir.
Məqalədə müstəqilliyinin ilk illərindən Ermənistanın təcavüzü ilə üzləşməsinə və torpaqlarının 20 faizinin işğal olunmasına baxmayaraq, Azərbaycanın müstəqil, demokratik və firavan dövlət qurmaq əzminin heç zaman azalmadığı qeyd olunmuş, ölkəmizin bu gün öz inkişaf göstəricilərinə görə regionun aparıcı və lider dövləti olduğu diqqətə çatdırılmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman