Mixeil Canelidze: Azərbaycan ilə Gürcüstan arasında nümunəvi əlaqələr mövcuddur
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasında nümunəvi əlaqələr mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu fikri Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze martın 7-də azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
Görüşdə ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin mehriban qonşuluq zəminində inkişafından məmnunluq ifadə olunub.
Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və rəsmi Yerevanın yürütdüyü destruktiv siyasət barədə məlumat verərək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsinin regionun inkişafı üçün əsas maneə olduğunu diqqətə çatdırıb.
Birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini vurğulayan nazirlər “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının yekunlarını yüksək qiymətləndiriblər.
Delimitasiya məsələsinə toxunan tərəflər bu işin uğurla davam etdirildiyini təsdiqləyiblər və yaxın vaxtlarda işçi qrupunun növbəti iclasının keçiriləcəyini bəyan ediblər.
Mətbuat konfransında M.Canelidze iki ölkə arasında bütün sahələr üzrə əlaqələrin genişləndiyini deyib. O, görüşdə müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə dair səmərəli müzakirələr aparıldığını qeyd edib.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin yaxın günlərdə Azərbaycana səfərinin planlaşdırıldığını söyləyən nazir yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib. O bildirib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verib.
Gürcüstanlı nazir əməkdaşlığın ən vacib istiqamətlərindən birinin enerji sahəsi olduğunu söyləyib. O, eyni zamanda, Tbilisidə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında Azərbaycandan Gürcüstana təbii qazın nəqli ilə bağlı imzalanan sənədlərin önəmindən danışıb.
M.Canelidze vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ölkələrimiz üçün əlavə imkanlar yaradacaq. Bu əməkdaşlığın nəticəsi olaraq Asiya ilə Avropa arasında yeni yol açılacaq. Bu isə ölkələrimizlə yanaşı, bütövlükdə region üçün faydalı olacaq.
Gürcüstan xarici siyasət idarəsinin rəhbəri ölkələrimizin gömrük qurumları arasında əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, hökumətlərarası iqtisadi komissiyanın görüşünə hazırlıq işləri də başa çatmaqdadır. İclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında danışıqlar gedir. Bununla yanaşı, tərəflər arasında bir sıra sənədlərin imzalanması da nəzərdə tutulur.
Azərbaycan ilə Gürcüstanın beynəlxalq və regional təşkilatlarda əməkdaşlığı uğurla davam etdirdiyini deyən gürcüstanlı nazir ölkələrimizin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb.
Elmar Məmmədyarov ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişaf etdiyini söyləyib. Nazir bildirib ki, görüşdə, həmçinin nəqliyyat məsələlərinə dair fikir mübadiləsi aparılıb. Bakı-Tbilisi-Qars dəmir yolunun önəmindən danışan nazir layihənin Azərbaycanın və Gürcüstanın milli maraqlarına uyğun olduğunu deyib. Qeyd edib ki, layihə iki ölkə iqtisadiyyatının inkişafına və əməkdaşlığın daha da möhkəmlənməsinə imkan yaradacaq.
Elmar Məmmədyarov bildirib ki, görüşdə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsinə də toxunulub. Bundan başqa, Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələri daha da dərinləşdirmək üçün hüquqi baza da diqqət mərkəzində olub. Hökumətlərarası birgə komissiyanın iclasında bu məsələlər ətraflı müzakirə ediləcək.