MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasında iştirak edir
Bakı, 27 noyabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) 12-ci Baş Assambleyası keçirilir.
Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və idman idarəsinin müdiri Həsənağa Rzayev təmsil edir.
Assambleyada “İSSF institusional” və oyunlar strategiyası üzrə seminar keçirilib. Ardınca İSSF-nin Baş Assambleyasının iclası öz işinə başlayıb.
İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılıb.
İştirakçılar daha sonra 2023-cü il Səudiyyə Oyunlarının açılış mərasiminə qatılacaqlar.
Qeyd edək ki, İslam Həmrəyliyi İdman Federasiyasının Baş Assambleyasından öncə İdarə Heyətinin 36-cı onlayn iclası təşkil olunub və bir çox məsələlər müzakirə edilib.