Moldovanın xəbər portalında Xocalı soyqırımı barədə məqalə dərc edilib
Kişineu, 27 fevral, AZƏRTAC
Moldovanın “Tribuna” xəbər portalında Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinin yer üzündən silinməsi, mülki əhalinin, o cümlədən uşaq, qadın və qocaların amansızlıqla qətlə yetirilməsi və erməni quldurların azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən bəhs olunur.
Müəllif yazır: “İyirmi altı il - olanları həm siyasi-strateji, həm mənəvi-etik nöqteyi-nəzərdən qiymətləndirmək, bütün sülhsevər dairələr ilə birgə perspektivdə bu dəhşətli faciədən nəticələr çıxartmaq, o cümlədən təcavüzkar aktların, soyqırımının və insaniyyətsizliyin qarşısını almaq üçün yetərli müddətdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan səfir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, ölkəmizin mənafeyinə uyğun şəkildə, sülh yolu ilə həll olunması istiqamətində göstərilən səyləri vurğulayıb. Bundan əlavə, məqalədə 1990-cı illərdə bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından qovulması, Ermənistan tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul olunması və bu sənədlərin Ermənistan tərəfindən yerinə yetirilməməsindən bəhs edilir.
Eyni zamanda, müəllif Azərbaycanda hökm sürən mədəniyyətlərarası həmrəylik, milli-mənəvi və dini tolerantlıq, xalqımızın tərəfdaşlıq və dostluq ənənələrinə sadiqliyini və ölkəmizin dünyada təhlükəsizlik və sülh naminə prinsipial mövqeyini vurğulayaraq, Xocalı soyqırımına beynəlxalq səviyyədə ədalətli hüquqi-siyasi qiymətin verilməsinin və bu cinayətin təşkilatçılarının cəzalandırılmasının vacibliyini vurğulayır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu