Molla Cümə yaradıcılığı - İsmi pünhan xatirinə
Şəki, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Şəkidə görkəmli söz ustadı aşıq Molla Cümənin anadan olmasının 171-ci ildönümünə həsr olunmuş “İsmi pünhan xatirinə” adlı xatirə gecəsi keçirilib.
Şəki şəhər Turan qəsəbə Uşaq Musiqi Məktəbinin təşkilatçılığı, şəhər Heydər Əliyev Mərkəzinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəhbər şəxsləri və əməkdaşları, şəhid anaları, Molla Cümənin ailə üzvləri, təhsil və mədəniyyət işçiləri iştirak ediblər.
Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xatirə gecəsində Molla Cümənin həyat və yaradıcılığından söz açılıb, aşıq sənətinin incəliklərindən, Azərbaycan musiqi mədəniyyətinin rəngarəngliyindən bəhs edilib. Qeyd olunub ki, Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindən biri, XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaratmış Molla Cümə incə zövqlü, lirik şair olub. O, əsasən qoşma, gəraylı və müxəmməslər yazıb. Aşığın şeirlərinin çoxu məhəbbət və vətənpərvərlik mövzusunda olub.
Tədbirdə aşıq mahnıları və milli musiqilər səsləndirilib, rəqslər təqdim edilib.