Məlahət İbrahimqızı: Qərbi Azərbaycanın tarixi mirasının dünyada tanıdılması “mədəniyyət diplomatiyası”nın nümunəsidir
Ankara, 4 iyun, AZƏRTAC
Qərbi Azərbaycanın tarixi mirasının dünyada tanıdılması böyük əhəmiyyət kəsb edir. Bu mövzuda keçirilən tədbirlər həm də “mədəniyyət diplomatiyası”nın nümunəsidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ankarada səfərdə olan Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahimqızı səsləndirib.
İcmanın Qadınlar Şurasının “Ortaq türk mirası: Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyəti” layihəsi çərçivəsində iyunun 4-də Ankara Universitetinin ev sahibliyi ilə keçirilən tədbirin əhəmiyyətindən danışan layihənin və nümayəndə heyətinin rəhbəri bildirib ki, Qərbi Azərbaycanın milli geyim və qeyri-maddi mədəni irsinə həsr olunan konfrans Azərbaycandan kənarda ilk dəfə təşkil edilir.
Deputatın sözlərinə görə, bu layihənin həyata keçirilməsində əsas məqsəd əsrlər boyu Qərbi Azərbaycanda yaşamış Azərbaycan türklərinin öz doğma yurd yerlərində yaratdıqları mədəni irsin təbliği, təşviqi və dünyaya çatdırılmasıdır. “Ümumtürk mirasının və mədəniyyətinin tərkibi olan Qərbi azərbaycanlıların mədəni irsini Türkiyə ictimaiyyətinə çatdırmaqla bərabər, həm də Azərbaycan türklərinin harada yaşamasından asılı olmayaraq, bəşər mədəniyyətinə, dünya sivilizasiyasına bəxş etdiyi bənzərsiz töhfələri beynəlxalq ictimaiyyətə tanıtmağı özümüzə məqsəd bilirik. Ankarada təşkil olunan tədbirlər həm də bir sıra beynəlxalq təşkilatların diqqətini cəlb etmək baxımından vacibdir”,- deyə M. İbrahimqızı vurğulayıb.
O deyib ki, ölkəmizdə “mədəniyyət diplomatiyası”nın əsasını qoyan Birinci vitse-prezident Mehriban Əliyevanın Qarabağ həqiqətlərinin, eləcə də Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılmasında misilsiz xidmətləri və uğurları olub. “Bu gün Ankarada keçirilən tədbir də Birinci vitse-prezident Mehriban Əliyevanın sülhə, dostluğa və əməkdaşlığa xidmət edən çoxşaxəli “mədəniyyət diplomatiyası”nın məntiqi davamıdır”,- deyə deputat qeyd edib.