“Bavariya”nın sabiq futbolçusu: Dünya çempionatlarında komandanın gücü həlledici olmur – EKSKLÜZİV
Bakı, 4 iyun, AZƏRTAC
Dünya çempionatının favoritləri sırasında Fransa, Braziliya və İspaniya var.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Almaniyanın “Bavariya” klubunun sabiq futbolçusu Torsten Fink bu il keçiriləcək futbol üzrə dünya çempionatı ilə bağlı danışarkən deyib.
O, mundiallarda adətən eyni komandaların əsas favoritlər sırasında yer aldığını bildirib.
“Dünya çempionatlarında favoritlər, demək olar ki, dəyişmir. Almaniya, Braziliya, İspaniya və Fransa kimi komandalar hər zaman titul uğrunda mübarizə aparırlar. Xüsusilə Fransa millisinin hazırkı heyəti çox güclüdür. Bununla belə, turnirin qalibinin kim olacağını indidən söyləmək mümkün deyil. Belə yarışlarda yalnız komandanın gücü həlledici olmur. Saat fərqi, iqlim şəraiti, uzun səfərlər və oyun təqvimi də futbolçuların çıxışına təsir edə bilər. Bu baxımdan komandaların turnir boyu sabit çıxış etməsi xüsusi əhəmiyyət daşıyır”, - deyə T.Fink vurğulayıb.
Hazırda Türkiyə Superliqasında çıxış edən “Samsunpsor” komandasını çalışdıran mütəxəssis mundialda sürpriz nəticələrin mümkün olduğunu da istisna etməyib: “Demək olar ki, hər dünya çempionatında gözlənilməz nəticələr qeydə alınır. Bəzi komandalar gözləntiləri üstələyir, favoritlər isə erkən mərhələlərdə mübarizəni dayandıra bilirlər. Ancaq ümumi mənzərəyə baxdıqda, Fransa, Braziliya və İspaniyanı əsas favoritlər hesab edirəm. Almaniya millisinin də hər zaman iddialılar sırasında olduğunu düşünürəm”.
Torsten Fink “Bavariya”nın heyətində 5 dəfə Bundesliqanın, bir dəfə Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Tarixdə ilk dəfə 48 komandanın iştirak edəcəyi mundialda ümumilikdə 104 oyun təşkil olunacaq.
Müxbir – Cavid Əliyev