ADPU müəllimləri Pekində keçirilən təlim-seminarda iştirak ediblər
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) müəllimləri Pekin şəhərində Çin Xarici İqtisadi Ticarət Universiteti tərəfindən keçirilən “Təhsildə innovasiyalar və süni intellekt” mövzusunda beynəlxalq təlim-seminarda iştirak ediblər.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, təlim çərçivəsində iştirakçılara ali təhsil sistemində rəqəmsal transformasiya prosesləri, süni intellekt texnologiyalarının tədrisə inteqrasiyası, innovativ öyrənmə modelləri və müasir pedaqoji yanaşmalar barədə ətraflı məlumat verilib. Mütəxəssislər süni intellektin təhsil keyfiyyətinin yüksəldilməsində, fərdi təhsil imkanlarının genişləndirilməsi və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsində rolunu geniş şəkildə təqdim ediblər.
Seminarın əsas müzakirə mövzularından biri də rəqəmsallaşmanın təhsil mühitində yaratdığı yeni reallıqlar olub. Ekspertlər süni intellektin sürətli inkişafı fonunda əmək bazarında baş verən dəyişiklikləri, yeni peşələrin meydana çıxmasını və ənənəvi peşələrin transformasiyasını təhlil ediblər. Eyni zamanda, vurğulanıb ki, texnoloji yeniliklərə baxmayaraq, yaradıcılıq, analitik düşüncə, etik davranış, kommunikasiya bacarıqları və emosional intellekt gələcəyin təhsil sistemində əsas dəyərlər kimi qalacaq.
ADPU əməkdaşları Çin universitetlərinin qabaqcıl təcrübələri ilə tanış olmaqla yanaşı, müxtəlif ölkələrdən olan mütəxəssislərlə fikir mübadiləsi aparıblar.
AZƏRTAC-0-