Almaniya ilə standartlaşdırma sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin direktor müavini Rövşən Əmircanov Almaniya Federativ Respublikasının Berlin şəhərində keçirilən ISO/TC 174 Texniki Komitəsinin müxtəlif istiqamətlər üzrə işçi qrup iclaslarında iştirak edib.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, sözügedən iclaslarda işçi qruplarının fəaliyyəti çərçivəsində görülmüş işlər, qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində beynəlxalq standartlaşdırma üzrə aktual məsələlər, hazırlanmaqda olan standart layihələri, habelə yenilənməsi nəzərdə tutulan mövcud standartlar müzakirə edilib. Eyni zamanda sahə üzrə müasir yanaşmalar və tətbiq mexanizmlərinə dair fikir mübadiləsi aparılıb.
Bundan əlavə, zərgərlik məmulatlarının ölçüləri və funksional xüsusiyyətləri, istehlakçılara təqdim olunan ölçü məlumatlarının dəqiqliyi, qiymətli daşlar və əlaqəli məhsullara dair terminologiya, qiymətləndirmə meyarları, məlumatların açıqlanması prinsipləri, təsnifat, laborator yanaşmalar və beynəlxalq standartların tətbiqi məsələlərinə dair müzakirələr həyata keçirilib, standartlaşdırma sahəsində əməkdaşlıq məsələlərinə nəzər salınıb.