Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində
Bakı, 4 iyun, AZƏRTAC
Rusiya Federasiyasının Qərbi Sibir regionunda yerləşən Nefteyuqansk şəhərində azərbaycanlı yazıçı-dramaturq Vüqar Haqverdiyevin “Pis uşaqlar planeti” pyesi əsasında hazırlanan tamaşasının premyerası olub. Premyera “Yunost” Mədəniyyət Mərkəzində reallaşıb. Tamaşa Rusiyanın nüfuzlu “Zvezda Teatrala” mükafatının laureatı olan “Çayka” Gənclər Teatr-Studiyası tərəfindən səhnələşdirilib. Səhnə əsərində studiyanın müxtəlif yaş qruplarını təmsil edən istedadlı aktyorlar çıxış ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyası “Elm” Nəşriyyatının direktor müavini Vüqar Haqverdiyev məlumat verib.
O bildirib ki, tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri Larisa Miroslavinadır. “Pis uşaqlar planeti” pyesi son illərdə Rusiyanın müxtəlif bölgələrində, o cümlədən Vıborq, Yamal və Omsk şəhərlərində, eləcə də Sankt-Peterburqun digər təhsil ocağı olan Nevski orta məktəbində səhnələşdirilib. “Azərbaycanlı müəllifin qələmə aldığı əsərin Sibir regionunda səhnə həyatı tapması dramaturgiyamızın xarici ölkələrdə uğurla təmsil olunmasının və müasir müəlliflərimizin əsərlərinə olan marağın daha bir nümunəsidir”, -deyə o əlavə edib.