“Çanmi” fırtınası UNESCO siyahısındakı abidəyə ziyan vurub
Pekin, 4 iyun, AZƏRTAC
Yaponiyada olan “Çanmi” fırtınasının gətirdiyi güclü külək Himeci şəhərində yerləşən və UNESCO-nun Dünya İrsi Siyahısına daxil olan qəsrə zərər vurub.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, şəhər meriyasının işçiləri patrul zamanı qəsrdəki ziyanı aşkar ediblər.
Səlahiyyətli orqanlar 17-ci əsrdə tikilən qəsrin bərpası üçün müvafiq işlərin görüləcəyini bildirib.
Qeyd edək ki, ağ suvaqlı Himeci qəsri xarici görünüşünə görə "ağ vağ qəsri" kimi də tanınır. Yaponiyanın ən böyük və ən çox ziyarət olunan qəsri 1993-cü ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Qəsr İkinci Dünya müharibəsində Himeci şəhərinin bombalanmasına və 1995-ci ildə təxminən 5 min nəfərin ölümünə səbəb olan Böyük Hanşin zəlzələsinə şahidlik edib.
Yaponiya Meteorologiya Agentliyi “Çanmi” fırtınasının səbəb olduğu küləyin sürətinin saatda 91 kilometrə çatdığını bildirib.