Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar
Bakı, 4 iyun, AZƏRTAC
Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” və dövlət xidmətlərində sosial innovasiyaların tətbiqi istiqamətində həyata keçirilən layihələr barədə Özbəkistanın dövlət qulluqçuları üçün ətraflı təqdimat edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təşkil olunan təqdimat zamanı "ASAN xidmət" təcrübəsinin 30-dan çox ölkəyə ixrac edildiyi seminar iştirakçılarının diqqətinə çatdırılıb.
İştirakçılar Özbəkistan Prezidenti yanında Dövlət Siyasəti və İdarəetmə Akademiyasında təhsil alırlar.
Akademiyanın dəvəti əsasında ölkəmizdə səfərdə olan qonaqlar “ASAN xidmət” mərkəzinin, Səyyar ASAN xidmətin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, “ABAD” publik şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.
Xatırladaq ki, Azərbaycan brendi bu ölkədə də uğurla tətbiq olunur. Hazırda Özbəkistanda “ASAN xidmət” modeli əsasında 200-dən çox xidmət mərkəzi fəaliyyət göstərir.