Monteneqro ictimaiyyəti Xocalı faciəsi ilə bağlı məlumatlandırılıb
Podqoritsa, 26 fevral, AZƏRTAC
Monteneqronun internet portallarında Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzinin üzvü Sanida Şabotiçin “Bu gün Azərbaycan xalqına qarşı dəhşətli cinayət törədilmişdir” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 26 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı dəhşətli cinayət və soyqırımı törədildiyi, Azərbaycan ərazilərinin 20 faizinin ermənilərin əsassız ərazi iddiaları nəticəsində işğal olunduğu, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi bildirilib. Uşaq, qadın və qocaların belə xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanıb. Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin münaqişənin sülh yolu həll olunması istiqamətində səylərini davam etdirdiyi, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin qeyd-şərtsiz azad olunması haqqında qətnamələrinin yerinə yetirilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyi, cinayətkarların beynəlxalq hüququn prinsipləri çərçivəsində cəzalandırılmasını tələb etdiyi vurğulanıb. Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözləri xatırlanıb. Qeyd edilib ki, soyqırımı qurbanlarının xatirəsi yad edilməli və belə cinayətlərin bir daha təkrarlanmaması üçün bəşəriyyət məsuliyyət daşımalıdır.
Eyni zamanda, www.cdm.me internet portalında Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən hazırlanmış pres-reliz dərc edilib.
Xatırladaq ki, Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyi və Azərbaycan-Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə cari il fevralın 15-dən Monteneqronun şəhərlərində Xocalı soyqırımını əks etdirən bilbordlar quraşdırılıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Monteneqro