Moskva Bəyannaməsi Azərbaycanın dünyada getdikcə artan nüfuzunun göstəricisidir
Bakı, 1 mart, AZƏRTAC
Azərbaycanın dünya miqyasında əlaqələri getdikcə genişlənir, mövqeyi möhkəmlənir. Artıq ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır. Xüsusilə, Ermənistan üzərindəki tarixi Qələbədən sonra ölkəmizin nüfuzu daha da yüksəlib. Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi qardaş ölkələrimizin münasibətlərində yeni mərhələnin qədəmini qoydu. Bəyannamədə diqqət çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Təbii ki, Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra Cənubi Qafqazda yeni konfiqurasiya formalaşdı və bunun da əsas oyunçuları - Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, Şuşa Bəyannaməsi kimi, Moskva Bəyannaməsi də xüsusi əhəmiyyətə malikdir. Hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir.
Bu fikirləri AZƏRTAC-a Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Kamil Seyidov söyləyib.
Partiya sədri bildirib ki, hər iki ölkə ilə imzalanmış bəyannamə ölkəmizin ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Bildiyimiz kimi, həm Türkiyə, həm də Rusiya dünyanın sayılıb-seçilən dövlətlərindəndirlər. Şuşa və Moskva bəyannamələrinin imzalanmasından sonra ölkəmiz Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları bitirmək və imzalamaq niyyətindədir. Sürətlə dəyişən, təhdidlərin, qarşıdurmaların və münaqişələrin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq. Azərbaycan digər tərəfdaşlarla da münasibətləri daha da inkişaf etdirmək üçün səylərini davam etdirir. Xəbər verildiyi kimi, bu məqsədlə mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqunun keçirilməsi nəzərdə tutulub.
K.Seyidov Azərbaycanla Rusiya arasında əməkdaşlıq və dostluq münasibətlərinin yüksək səviyyədə olmasından söhbət açaraq deyib ki, Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır, işləyir. Bu baxımdan, Moskva Bəyannaməsi böyük əhəmiyyət kəsb edir. Bu sənədin əsas mahiyyəti ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə diqqət çəkən əsas məqamlardan biri də hər iki ölkənin müstəqil xarici siyasət yeritməsinin xüsusi vurğulanmasıdır.
Partiya sədri bildirib ki, hər iki ölkə müttəfiqlik münasibətlərinə xələl gətirən, eləcə də, bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinməyə dair öhdəlik götürüb: “Azərbaycanla Rusiya öz ərazilərində hər hansı bir təşkilat və şəxslərin digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını alacaqlar. Bu müqavilə üçüncü tərəfin daxili işlərinə qarışmamağı özündə ehtiva edir. Eyni zamanda, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsi də sənəddə öz əksini tapıb. Xüsusi olaraq vurğulanmalıdır ki, bəyannamədə keçmiş münaqişəyə son qoymuş 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın, eləcə də, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır”.