MOSKVA ƏTRAFINDAKI “LOZA” QARDAŞLIQ MƏZARINDA NAXÇIVANSKİYƏ AĞI
Azərbaycanın hərb tarixində görkəmli yer tutan general Cəmşid Naxçıvanskinin faciəli ölümündən 70 il keçir. Bununla əlaqədar AZƏRTAC professor Rudolf İvanovun istedadlı sərkərdə haqqında məqaləsini oxuculara təqdim edir.
“Mənəviyyatsız qanunların nə mənası var,
inamsız mənəviyyatın nə mənası var?”
(qədim Roma şairi Kvint Horatsi Flank,
e.ə.65-8-ci illər)
1938-ci il avqustun 26-da SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar iclasının Moskva şəhərinin Stalin rayonundakı Lefortovo həbsxanasında keçirilməsi heç də təsadüfi deyildi. Məhbusu Qızıl meydanın yanında, keçmiş 25 Oktyabr küçəsində yerləşən Kollegiya binasına aparmaq olardı. Lakin Naxçıvanskinin Xalq Daxili İşlər Komissarlığı tərəfindən təsdiq edilmiş “qəyyumu”, kiçik leytenant Baranov hörmətli briqada komandirinə 52 gün gecə-gündüz o qədər əzab vermişdi ki, yaraşıqlı, idmançı görkəmli Cəmşid Naxçıvanskinin əvvəlki şuxluğundan əsər-əlamət qalmamışdı. Yuxusuz gecələrin, zorakılığın taqətdən saldığı, sifətində çoxlu çapıqlar və döyülmə işləri olan Naxçıvanski üçün harada mühakimə ediləcəyinin, hansı cəzaya məhkum olunacağının fərqi yox idi, təkcə onu istəyirdi ki, bu qeyri-insani əzablara tezliklə son qoyulsun.
Protokol qaydalarına görə, məhkəmənin katibi “müttəhim C.C.Naxçıvanskinin məhkəməyə gətirilməsi”, yəni həbsxananın kamerasından elə həmin həbsxananın məhkəmə otağına gətirilməsi barədə məruzə etdi. İş üzrə şahidlər çağırılmamışdı, çünki şahidlər, sadəcə olaraq, yox idi və ola da bilməzdi.
Məhkəmədə sədrlik edən ordu hərbi hüquqşünası, özü kimi iblis A.Y.Vışinskinin ittihamı əsasında minlərlə günahsız insanı güllələnmə cəzasına məhkum etmiş V.V.Ulrix artıq hər şeyə biganə olan müttəhim Naxçıvanskiyə ona qarşı irəli sürülən ittihamların mahiyyətini izah etdi və özünü təqsirkar hesab edib-etmədiyini soruşdu. Müttəhim dərhal cavab verdi ki, “özünü tamamilə təqsirkar hesab edir və ilkin istintaqda verdiyi ifadələri tamamilə təsdiqləyir”. Müttəhim nə bir vəsatət qaldırdı, nə də məhkəməyə etiraz bildirdi.
Saat 12:50-də sədr hökmü elan etdi:
“Sovet Sosialist Respublikaları İttifaqı adından...
1895-ci il təvəllüdlü, Fəhlə-Kəndli Qızıl Ordusunun (FKQO) Frunze adına Hərbi Akademiyasının taktika kafedrasının keçmiş müəllimi, briqada komandiri Cəmçid Cəfəroviç NAXÇIVANSKİNİN RSFSR CM-nin güllələnmə cəzası nəzərdə tutulmuş 58-1-b, 58-8, 58-11-ci maddələrində göstərilən cinayətlərdə ittiham edilməsi barədə.
“İlkin istintaq və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, NAXÇIVANSKİ 1924-cü ildən antisovet Azərbaycan millətçi təşkilatının fəal üzvü olmuş, Azərbaycan Milli Mərkəzi yanında təşkil edilmiş Hərbi Mərkəzin tərkibinə daxil olmuşdur. Azərbaycanda Sovet hakimiyyətinin devrilməsinə və Azərbaycanın Sovet İttifaqından ayrılmasına hazırlıq sahəsində fəal iş aparmışdır. Şəxsən özü Azərbaycanda silahlı üsyan planı hazırlamışdır...
Bundan əlavə, müəyyən edilmişdir ki, Naxçıvanski 1921-ci ildən FKQO barədə məxfi məlumatları öz qardaşı, İran ordusunda xidmət edən Kəlbalı xana çatdırmaqla casusluq fəaliyyəti ilə məşğul olmuşdur.
SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası HÖKM ÇIXARDI:
Naxçıvanski Cəmşid Cəfəroviç briqada komandiri hərbi rütbəsindən məhrum edilsin və ona məxsus olan bütün əmlak müsadirə edilməklə ən ağır cəzaya - GÜLLƏNMƏYƏ məhkum edilsin.
SSRİ MİK-in 1.12.34-cü il tarixli qərarına əsasən, hökm dərhal icra edilməlidir...” (Hökmün mətninin yazılışını olduğu kimi saxlamışıq. -R.İ.).
Hökm tələm-tələsik, səliqəsiz tərtib edilmişdir. Demək olar ki, bütün mətn əllə yazılmış, çoxlu düzəlişlər edilmişdir. Elə düşünmək olar ki, burada insan taleyindən yox, köhnəlmiş əmlakın silinməsi barədə aktdan söhbət gedir.
Hökmün mətnindəki bir məqama diqqət yetirək: “ona məxsus olan bütün əmlak müsadirə edilməklə”. 1938-ci il mayın 18-də axtarış zamanı briqada komandirinin yaşadığı, Akademiyaya məxsus, dəmir çarpayılar da daxil olmaqla, bütün mebelin dövlət əmlakı hesab edildiyi kommunal mənzildən (görkəmli hərbi sərkərdənin başqa mənzili yox idi) yalnız onun şəxsi əşyaları, o cümlədən döyüş mükafatları, binokl, ov tüfəngi, Naxçıvanskilər sülaləsində nəsildən-nəsilə keçən qılınc, fotoaparat və bəzi başqa şeylər, yəni vəsiqə, buraxılış vərəqi, ailə məktubları və fotoşəkilləri götürülmüşdü. Bütün bu əşyalar izsiz-tozsuz yoxa çıxmışdı. Cəmşid Naxçıvanskinin əmlakının silinməsinə dair 20 mart 1939-cu il tarixli aktda isə yalnız məktublar, sənədlər və fotoşəkillər sadalanırdı. Lakin qəlbiqara insanlar həmin aktın üzərində belə bir dərkənar yazmışdılar: “İşə aidiyyəti olmayan və dəyərsiz əşyalar kimi məhv edilsin”. Aktın formasındakı “Ailəsinə çatdırılsın” qrafasına isə məhəl qoymamışdılar.
Müqayisə üçün bildirək ki, keçmiş xalq daxili işlər komissarı Q.Q.Yaqodanın çoxsaylı mənzillərində (Kremldəki mənzili, şəhər mənzili, Ozyorkidəki bağ evi, xidməti kabineti, müxtəlif anbarlar) axtarış zamanı 130 adda əşya və ərzaq götürülmüşdü. Onların arasında 30 min rubla yaxın pul, 1229 şüşə müxtəlif markalı kolleksiya şərabları, 157 bahalı xəz, 15 ədəd qızıl saat, xaricdə istehsal edilmiş 21 ədəd paIto, 4 minə yaxın pornoqrafiq şəkil var idi. Sovetlər ölkəsinin görkəmli hərbi sərkərdəsi C.C.Naxçıvanski Yaqoda ilə müqayisədə sadəcə olaraq dilənçi təsiri bağışlayırdı.
Cəmşid Naxçıvanskinin güllələnməsi haqqında hökm məhkəmə keçirilən gün, yəni 1938-ci il avqustun 26-da Lefortovo həbsxanasında icra edilmişdir. Lakin o, harada dəfn edilmişdir? Cinayət işində bu barədə heç bir məlumat yox idi.
Briqada komandirinin dəfn edildiyi yeri yalnız 68 ildən sonra tapa bildik...
1938-ci il avqustun 26-da Cəmşid Naxçıvanskinin cəsədi o vaxt artıq güllələnmiş keçmiş xalq kommissarı Yaqodanın Moskvadan 26 kilometr məsafədə, Kaluqa şossesinin kənarında yerləşən keçmiş bağına - məxfi “Kommunarka-Loza” obyektinə aparılmış və oradakı adsız çalaların birinə atılmışdı. Gözdən uzaq, könüldən iraq bir məkanda yerləşən “Kommunarka-Loza” obyekti hamının unutduğu, əvvəllər olduğu kimi yenə də tikanlı məftildən çəpər çəkilmiş kütləvi məzarlıqdır. “Kommunarka-Loza”nın çala-çuxurları V.İ.Leninin ən yaxın silahdaşları olmuş N.Buxarin, A.Rıkov və onun həyat yoldaşı, Azərbaycan SSR-in dövlət və partiya xadimləri Ə.Qarayev, D.Bünyadzadə, ilk hərbi dəniz işləri komissarı Ç.İldırım, AK(b)P Bakı Şəhər Komitəsinin katibi M.Nərimanov və bir sıra başqalarının, bütövlükdə 15 minə yaxın naməlum insanın son mənzilinə çevrilmişdir.
İndi “Kommunarka-Loza”dakı xəndəklərin və çalaların yeri meşəlikdir, orada çoxsaylı məzarların olmasını xatırladan heç nə yoxdur. Yalnız hələ tikilməkdə olan kiçik məbədin keşişi Stefan bu gözdən uzaq yerdə qətlə yetirilmiş insanların ruhuna və bizlərin ömrünə dua edir.
Azərbaycanın məşhur Naxçıvan xanları sülaləsinin axırıncı, altıncı generalı Cəmşid Naxçıvanski 1895-ci il iyulun 28-də (avqustun 10-da) cəsur döyüşçü, çoxsaylı ali mükafatlar kavaleri, istefada olan rotmistr Cəfərqulu xan Naxçıvanskinin ailəsində anadan olmuşdur. Vətənə məhəbbət ruhunda tərbiyə almış bu gənc öz əcdadlarının yolunu davam etdirmişdir. Dünya müharibəsinin, iki inqilabın alovlarından keçmiş Naxçıvanski əfsanəvi “Vəhşi diviziya”nın tatar alayında şərəflə vuruşmuş, bir neçə döyüş ordeni ilə, “İgidliyə görə” Georgi silahı ilə təltif edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ordusunda Qarabağ süvari alayının komandiri olmuşdur.
Bolşeviklər bu namuslu zabitə inanmırdılar. Onlar Naxçıvanskinin könüllü şəkildə Sovetlərə təslim olmasına “təşəkkür” əlaməti olaraq, onu 84 gün Nargin adasındakı qazamatda saxlamışdılar. Bununla belə, Naxçıvanski özünə qarşı bu ilk təhqiramiz hərəkətdən sonra da bolşeviklərin saxta şüarlarına inanırdı və ölkəsinə namusla xidmət edir, topladığı təcrübəni, nəslindən irsən keçmiş sərkərdəlik istedadını əsirgəmirdi.
Onun doqquz il rəhbərlik etdiyi ilk milli Azərbaycan atıcı diviziyası, sonra isə dağ-atıcı diviziyası Azərbaycan SSR-də döyüş qabiliyyəti ən yüksək olan hərbi hissə, respublikanın fəxri, Fəhlə-Kəndli Qızıl Ordusunun sayılıb-seçilən bölmələrindən biri idi. Azərbaycan diviziyasının komandiri Naxçıvanski Azərbaycanda və Zaqafqaziyada yüksək hərbi vəzifələr və dövlət vəzifələri tutmuşdu (Bakı qarnizonunun rəisi, ərazi qoşunlarının komandiri, Bakı hava hücumundan müdafiə rayonunun rəisi, Azərbaycan SSR MİK-in deputatı, ZSFSR MİK-in deputatı və s.).
Əsil-nəcabəti məlum olmayan Beriyanın və Bağırovun çekistlərinin “sayəsində” diviziya komandiri Naxçıvanski ikinci dəfə böhtan obyektinə çevrildi - bu dəfə keçmiş xan və müsavatçı kimi. 1930-cu ilin noyabr ayında Qırmızı Bayraq ordenli Azərbaycan dağ-atıcı diviziyasının yaradılmasının 10 illiyi təntənəli şəkildə qeyd ediləndən az sonra, 1931-ci il fevralın 22-də diviziya komandiri Naxçıvanski həbs edildi, sonra isə saxta ittihamlar əsasında vəzifəsindən kənarlaşdırıldı, ordudan qovuldu və güllələnmə cəzasına məhkum edildi. Tale bu dəfə Naxçıvanskinin üzünə güldü. Onu sanki möcüzə sayəsində güllələmədilər. S.K.Orconikidze bu işə qarışdıqdan sonra Naxçıvanskinin məsələsinə 1931-ci il noyabrın 5-də İ.V.Stalinin sədrliyi ilə ÜİK(b)P MK-nın Siyasi Bürosunda baxıldı. Siyasi Büronun qərarında deyilirdi: “NAXÇIVANSKİ həbsdən azad edilsin, bu şərtlə ki, o, Zaqafqaziyada işləməsin”.
Frunze adına Hərbi Akademiyaya müdavim kimi göndərilmiş C.Naxçıvanski 1933-cü ildə oranı müvəffəqiyyətlə bitirmiş və qısa ömrünün son beş ilini FKQO üçün komandirlər hazırlanmasına həsr etmişdir. Xalq müdafiə komissarı tərəfindən Kurs rəisi təyin olunmuş Naxçıvanski Akademiyanın ən iri və aparıcı kafedrası olan ümumi taktika kafedrasının rəis müavini, yay praktika rəhbəri və başqa vəzifələrin öhdəsindən uğurla gəlir, ona xas olan əzmkarlıq və peşəkarlıq nümayiş etdirir, özünü bütünlüklə ali komanda kadrları yetişdirilməsi işinə həsr edirdi. Onun taktika məktəbindən keçmiş minlərlə müdavimdən bir neçəsi - Qreçko, Konev, Biryuzov, Batitski, Panfilov, Dovator, Rodimtsev və başqaları sonradan SSRİ marşalı və tanınmış sərkərdə olmuşdur.
Stalin repressiyaları dövründə Akademiyanın rəhbərləri öz canlarının qorxusundan, zabit şərəfini unudaraq, Naxçıvanskinin barəsində gizli şəkildə çuğulluq edir, keçmiş xanın və müsavatçının FKQO üçün kadrlar hazırlamalı olmadığını bildirirdilər. Əgər bu cür çuğulluqlar olmasaydı, XDİK bu layiqli komandiri və Akademiyanın pedaqoqunu həbs etməzdi. XDİK-ə ünvanlanmış saysız-hesabsız iftiralar arasında buna sadəcə olaraq vaxt çatmazdı. 1938-ci il mayın 20-də briqada komandiri C.Naxçıvanskini üçüncü dəfə həbs etdilər, 98 gündən sonra isə güllələdilər.
1956-cı ildə Naxçıvanski tam bəraət aldı. Bu barədə qərarda göstərilirdi ki, o, heç vaxt əksinqilabçı və casus olmamışdır. Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə briqada komandiri Naxçıvanskinin şərəfli adı xalqa qaytarıldı. Bakıdakı hərbi lisey və paytaxt küçələrindən biri Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir. Ümid edirik ki, Cəmşid Naxçıvanskinin rəşadətli işləri müqabilində ona abidə də ucaldılacaqdır.
Qəhrəman döyüşçü, şanlı sərkərdə, yüksək mənəviyyatlı və şərəfli vətəndaş, əfsanəvi Naxçıvan xanları sülaləsinin nümayəndəsi, şəhid cəngavər Cəmşid Naxçıvanskiyə Ulu Tanrıdan əbədi rəhmət diləyirik.
Rudolf İVANOV,
professor, Beynəlxalq İnformasiyalaşdırma
Akademiyasının akademiki, Naxçıvan DövlətUniversitetinin və AMEA Tarix İnstitutunun fəxri doktoru,Rusiya Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü