MOSKVADA AVROPA ŞURASI MƏDƏNİYYƏT KONVENSİYASININ ÜZVÜ OLAN ÖLKƏLƏRİN İDMAN NAZİRLƏRİNİN GÖRÜŞÜ AÇILMIŞDIR
Avropa nazirləri təkcə Avropa Şurasının üzvü olan dövlətlərin deyil, həm də digər ölkələrin, habelə bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının imzalaması üçün açıq olan sazişin idmana dair hissəsinin qəbul olunmasının mümkünlüyünü, eləcə də müasir idman siyasətini, bu sahədə milli səviyyədə prioritetləri müzakirə edəcəklər. Tədbirin gündəliyinə Ümumdünya Antidopinq Agentliyi ilə qarşılıqlı münasibətlər məsələsi də daxildir.
Azad Rəhimov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Mədəniyyət Konvensiyasında mədəniyyət, təhsil, idman, gənclər və s. sahələrdə müxtəlif proqramların həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırda Avropa Şurası proqramın idman hissəsini maliyyələşdirməyi başa çatdırmaq niyyətindədir. İnsan hüquqları ilə bağlı proqramların gerçəkləşdirilməsinə böyük məbləğdə sərmayələr nəzərdə tutulduğundan idman üçün maliyyə vəsaiti çatışmır. 49 ölkənin idman nazirləri Rusiya paytaxtında toplaşmışlar ki, Avropa Şurası çərçivəsində idman proqramları, bütövlükdə, idmanın gələcəyi barədə qərarlar qəbul etsinlər. A.Rəhimovun sözlərinə görə, bir neçə təklif nəzərdə tutulmuşdur. Onlardan biri hər şeyi olduğu kimi saxlamaqdır, digəri isə idman proqramlarının Avropa Birliyinin üzvü olan ölkələr hesabına maliyyələşdirilməsindən ibarətdir.
Nazir Azərbaycanın mövqeyi barədə suala cavabında demişdir ki, ölkəmiz idman proqramını maliyyələşdirməyə prinsipcə hazırdır və onun Avropa Şurası çərçivəsində qalmasında maraqlıdır.
Azad Rəhimov Moskvada Azərbaycanın Avropa ölkələrindəki bir çox tərəfdaşları ilə də görüşmək niyyətindədir. Fransanın gənclər və idman naziri, habelə Rusiya Federal Bədən Tərbiyəsi Agentliyinin başçısı ilə görüşlər artıq planlaşdırılmışdır.