Moskvada Azərbaycan diasporunun fərqlənmiş nümayəndələrinin mükafatlandırılması münasibətilə təntənəli tədbir keçirilmişdir
Moskva, 12 iyun (AZƏRTAC). İyunun 11-də Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan diasporunun Novruz bayramının uğurla keçirilməsində fərqlənmiş nümayəndələrinin Moskva Şəhəri Regionlararası Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqələr Departamenti tərəfindən fəxri fərmanlarla təltif edilməsi münasibətilə təntənəli tədbir olmuşdur.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni açaraq bildirmişdir ki, iyunun 12-də Rusiyada böyük bayram - Rusiya Günü qeyd ediləcəkdir. Bayram ərəfəsində Moskva rəhbərliyi və ölkəmizin səfirliyi “Novruz-2014” ümumşəhər bayramının təşkilində və keçirilməsində fəal iştiraka və paytaxt meqapolisində millətlərarası sülhün və həmrəyliyin formalaşmasında töhfəyə görə Rusiya paytaxtındakı Azərbaycan diaspor təşkilatlarının bir qrup fəalının fəxri fərmanla mükafatlandırıldığını elan etmişdir. Səfir demişdir: “Rusiyada Novruz bayramının keçirilməsi ideyası Azərbaycanın bu ölkədəki səfirliyində yaranmışdır. Artıq dalbadal üçüncü ildir ki, Rusiya hökumətinin dəstəyi ilə Lujnikidəki İdman Sarayında ümumtürk bayramının qeyd olunmasına görə minnətdarıq. Yaz bərabərliyi gününü qeyd etmək üçün bir çox ölkələrin səfirləri və nümayəndələri toplaşırlar, diasporların hər biri öz mədəniyyətini, ənənələrini, mətbəxini nümayiş etdirir. Ümumşəhər bayramı Novruz xalqları yaxınlaşdırır. Bu bayram xalqlar və diasporlar arasında əlaqələrin möhkəmlənməsinə kömək edir ki, bu da hazırda çox vacibdir”.
Mükafatları təqdim edən Moskva Şəhəri Regionlararası Əməkdaşlıq, Milli Siyasət və Dini Qurumlarla Əlaqələr Departamentinin rəhbəri Yuri Artyux Rusiya və Azərbaycan arasında dostluq münasibətlərinin möhkəmlənməsində fəalların rolunu qeyd etmişdir. Y.Artyux demişdir: “Bir mədəniyyətə, bir xalqa sadiq olmaq, bir dildə mahnı oxumaq asandır. Çoxmillətli böyük bir şəhərdə yaşayaraq mədəniyyətlər və xalqlar arasında əlaqələndirici vəsilə, körpü olmaq çox çətindir. Bu gün mükafatlandırdığımız insanlar məhz belələrindəndir. Onlar fəaliyyətləri ilə azərbaycanlıların genişürəkliliyini, Azərbaycan xalqının zəngin mədəniyyətini nümayiş etdirirlər”.
Təltif olunanlar arasında Azərbaycan səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova, Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva vilayəti regional şöbəsinin sədri Əlizaman Rəhimov, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova, Ümumrusiya Azərbaycanlılar Konqresinin Moskva vilayəti regional şöbəsinin icraçı direktoru Araz Mürsəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Emin Hacıyev, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin doktorantı Samir Əliyev, Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin direktoru Mehman Şükürov, general Kərim Kərimov adına 157 nömrəli məktəbin direktoru Elmira İsmayılova və başqaları vardır.
Tədbirdə Heydər Əliyev Fondunun, Ümumrusiya Azərbaycanlılar Konqresinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin və digər ictimai birliklərin nümayəndələri iştirak etmişlər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva