MOSKVADA AZƏRBAYCANIN MİLLİ BAYRAMI - RESPUBLİKA GÜNÜ QEYD OLUNMUŞDUR
Səfir Polad Bülbüloğlu çıxışında hamını milli bayram münasibətilə təbrik edərək, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixindən danışmışdır. Diplomat xüsusi vurğulamışdır ki, bu münasibətlə müstəqil Azərbaycanın memarı, ümummilli liderimiz Heydər Əliyevi, dövlətçiliyimizin bərqərar olunmasında onun müstəsna rolunu xatırlamaq yerinə düşərdi. O demişdir: “Bu gün böyük liderin işini Prezident İlham Əliyev davam etdirir. Beynəlxalq aləmdə ölkəmizin mövqeyi ilə hesablaşırlar, Azərbaycan Avropa xalqları ailəsində layiqli yer tutur”.
Rusiya xarici işlər nazirinin birinci müavini Andrey Denisov tədbir iştirakçılarını Azərbaycanın milli bayramı münasibətilə təbrik etmişdir. O bildirmişdir ki, Rusiya güclü, nüfuzlu dövlət quruculuğu, irimiqyaslı sosial-iqtisadi dəyişikliklərin həyata keçirilməsi işində dost Azərbaycan xalqının qazandığı uğurlara rəğbətlə yanaşır. O demişdir: “Azərbaycan cəmiyyətin həyatının bütün sahələrində qazandığı nailiyyətlər sayəsində region ölkələri arasında liderə çevrilmişdir. Azərbaycanın qazandığı bu uğurlara görə özünün dahi oğluna - Heydər Əliyeviç Əliyevə borclu olduğunu xatırlamaq yerinə düşərdi. Ölkələrimizin arasındakı münasibətlərin möhkəmlənməsinə, həqiqətən, misilsiz töhfə vermiş bu görkəmli dövlət xadiminin və müdrik siyasətçinin xatirəsini Azərbaycanda olduğu kimi, Rusiyada da dərin ehtiramla anırıq. Biz anlayırıq ki, strateji tərəfdaşlıq səviyyəsinə çatmış münasibətlərimiz yüksək inkişaf mərhələsindədir. Bu gün aramızda həll olunmamış problemlər yoxdur və qarşılıqlı fəaliyyətin, əslində, istənilən məsələlərini milli mənafelərimizi nəzərə almaqla, qarşılıqlı anlaşma və bir-birimizə hörmət əsasında həll etməyə qadirik. Heç şübhəsiz, bu, həm də ölkələrimizin rəhbərləri - prezidentlər İlham Əliyevin və Vladimir Putinin xoş məramı sayəsində mümkün olmuşdur”.