Moskvada “Azərbaycanlılar” monoqrafiyası nəşr edilib
Moskva, 9 mart, AZƏRTAC
Moskvanın “Nauka” nəşriyyatında “Xalqlar və mədəniyyətlər” silsiləsindən “Azərbaycanlılar” monoqrafiyası çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Rusiya Elmlər Akademiyası Etnologiya və Antropologiya İnstitutunun və Azərbaycan alimlərinin birgə əməyinin məhsulu olan monoqrafiyanın məsul redaktorları Əliağa Məmmədli və Lyubov Solovyovadır.
Monoqrafiyaya giriş sözündə qeyd olunur ki, nəşr Qafqazın qədim mədəniyyətə malik xalqlarından biri olan azərbaycanlılara həsr edilib. Kitabda Azərbaycan xalqının tarixi, mədəniyyəti, adət-ənənələri, azərbaycanlıların millət kimi formalaşması prosesi, Azərbaycan diasporu barədə məlumat verilir. Nəşrdə Azərbaycanın Rusiyadakı diasporuna xüsusi fəsil ayrılıb.
Monoqrafiya 1,4 min tirajla buraxılıb və hazırda Moskvanın “Akademkniqa” kitab mağazalarında satışa çıxarılıb. “Azərbaycanlılar” kitabını, həmçinin “Nauka” nəşriyyatının saytında əldə etmək olar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva