MƏDƏNİYYƏT
Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Moskva, 18 sentyabr, AZƏRTAC
Moskvada “İrs-Nasledie” jurnalının növbəti nömrəsi çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, ənənəvi olaraq, jurnalın yeni nömrəsi baş redaktor Musa Mərcanlının məqaləsi ilə açılır. Yazıda qeyd olunur ki, Azərbaycan Ermənistanın işğal etdiyi əraziləri azad etdikdən sonra ölkəmizin təşəbbüsü ilə sülh sazişinin imzalanmasına yönəlmiş danışıqlar prosesi regionda öz maraqları naminə münaqişəni yenidən alovlandırmağa çalışan müxtəlif beynəlxalq dairələrin müdaxiləsi ilə qarşılaşır. Bu dairələr keçmişdə dəfələrlə baş verdiyi kimi, erməni ruhanilərinin nümayəndələrindən öz məqsədləri üçün fəal şəkildə istifadə edirlər.
“İrs-Nasledie” jurnalının yeni nömrəsində erməni radikal qruplarının ekspansionist istəklərinə təbliğat dəstəyi kontekstində erməni kilsəsinin strategiyasına həsr olunmuş materialın dərc olunması başa çatdırılır. Məqalənin ikinci hissəsində erməni xalqının “soyqırımı” kimi təqdim edilən 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələrin erməni kilsəsi tərəfindən təqdimatı mövzusu araşdırılır.
Bu material 30 ilə yaxın davam edən erməni işğalı zamanı həmin regionda aparılan qanunsuz arxeoloji qazıntılar əsnasında Qarabağın tarixinin saxtalaşdırılması ilə bağlı məqalə ilə səsləşir. Müəllif erməni tarix elminin Qarabağın qədim və orta əsrlər tarixində köçəri və yarımköçəri mədəniyyətlərin əhəmiyyətinə dair məsələnin üzərindən tam sükutla keçdiyini qeyd edir.
Tematik bölmə İrəvanın və bütövlükdə indiki Ermənistan ərazisinin erməniləşdirilməsi prosesinin icmalını təqdim edən məqalə ilə yekunlaşır. Bu materialla ötən əsrin görkəmli Azərbaycan xalça rəssamı Qulam Babaiyə həsr olunmuş məqalə arasında müəyyən paralellərə də rast gəlmək olar. İran Azərbaycanından olan bu gözəl ustadın uzun illər öz vətənindən ayrı qalması onun yaradıcılığında dərin izlər qoyub.
Jurnalın bu nömrəsində, həmçinin ənənəvi rubrikalarda məqalələr də təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva