MOSKVADA QANLI YANVAR HADİSƏLƏRİNİN 15-Cİ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Moskvadakı “Ocaq” Azərbaycan Mədəniyyəti Cəmiyyəti “1990-cı ilin yanvar hadisələri Azərbaycanın çağdaş tarixi baxımından” mövzusunda “dəyirmi masa” keçirmişdir.
Cəmiyyətin sədri Tofiq Məlikov çıxışında bildirmişdir ki, “Qara yanvar” və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr düşmənlərimizin XX əsr boyu xalqımıza qarşı yeritdiyi düşünülmüş siyasətin məntiqi davamı idi. Azərbaycan xalqının soyqırımını, Sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunmasını, nəticədə ölkənin sahəsinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalmasını, habelə azərbaycanlıların Ermənistandan qovulmasını və Dağlıq Qarabağ hadisələrini vahid kontekstdə nəzərdən keçirmək lazımdır və 1990-cı ilin qanlı yanvar hadisələri bütün bu antiazərbaycan prosesinin məntiqi yekunudur. 20 Yanvar hadisələri, eyni zamanda, Azərbaycan xalqının tarixində dönüş anı olmuşdur. O zaman xalq “daha yetər” demiş və onu uçuruma aparan hakimiyyətin əleyhinə, öz müstəqilliyi və suverenliyi uğrunda mübarizəyə qalxmışdı. 20 Yanvar hadisələri şüurumuzda, milli özünüdərkimizdə də dönüş nöqtəsi kimi müstəsna əhəmiyyətə malikdir. Xalq anlamışdı ki, Azərbaycanın gələcəyi onun müstəqilliyi, ərazi bütövlüyü, milli mənafelərinin müdafiəsi ilə sıx bağlı olmalıdır.
“Dəyirmi masa”da çıxış edən Azərbaycan diasporunun tanınmış nümayəndələri müxtəlif səviyyələrdə təblığat işinin gücləndirilməsinin zəruriliyindən danışmışlar. Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) İcraiyyə Komitəsi sədrinin birinci müavini Ramiz Abutalıbov Qərbin və Qərb KİV-lərinin “Qanlı yanvar” hadisələrinə münasibətindən danışmışdır. Şair və yazıçı İlham Bədəlbəyli bu hadisələrin Azərbaycan yazıçılarının yaradıcılığında əksini tapması məsələlərinə toxunaraq bildirmişdir ki, həmin mövzuda əsərlərin yaradılması və öyrənilməsi gənclərimizdə milli vətənpərvərlik hisslərinin inkişafına xidmət edərdi. Təbliğat işinin gücləndirilməsi və Azərbaycan həqiqətlərinin xaricdə, o cümlədən Rusiyada daha geniş yayılması ilə bağlı təkliflər irəli sürülmüşdür.
“Dəyirmi masa”da Azərbaycanın Moskvadakı səfirliyinin və Ümumrusiya Azərbaycan Konqresinin nümayəndələri iştirak etmişlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva