SİYASƏT
MSK sədri: Ölkədəki seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılır
Bakı, 20 dekabr, AZƏRTAC
Prezident seçkilərinin fevralın 7-nə təyin olunması ilə bağlı Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyasına seçkilərin hazırlanıb keçirilməsinin təmin olunması həvalə edilib. Ölkədəki seçki prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilir. Həmçinin seçkilər beynəlxalq təcrübələri öyrənərək daha da təkmilləşdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə söyləyib.
O bildirib ki, müşavirə seçki komissiyalarının sədrlərinin maarifləndirilməsi məqsədi daşıyır: “Artıq uzun illərdir ki, bu cür tədbirlər həyata keçiririk”.
MSK sədri seçkilərə hazırlıqla bağlı görülən işləri və atılan addımları iştirakçıların diqqətinə çatdırıb, nəzərdə tutulan irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.