MSK ŞİKAYƏT VƏ MÜRACİƏTLƏRƏ BAXILMASI QAYDALARINA DAİR MƏŞĞƏLƏ-SEMİNAR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 21-də Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurasının Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla (ABŞ) birlikdə dairə seçki komissiyalarının (DSK) şikayət və müraciətlərə baxılmasına məsul olan əməkdaşları üçün “Şikayətlər və müraciətlər” mövzusunda məşğələ-seminar keçirmişdir. MSK-nın sədri Məzahir Pənahov tədbiri açaraq bildirmişdir ki, oktyabrın 15-nə təyin edilmiş prezident seçkilərinin hazırlanıb keçirilməsi ilə bağlı tədbirlər sırasında aşağı seçki komissiyalarının maarifləndirilməsi də vardır. Seçicilərin, KİV nümayəndələrinin və digər seçki subyektlərinin maarifləndirilməsini nəzərdə tutan genişmiqyaslı proqram hazırlanmışdır. Bu sənəddə məntəqə və dairə seçki komissiyaları üzvlərinin peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verilir. İndiyə kimi MSK tərəfindən dairə seçki komissiyalarının üzvləri və onların katibliklərinin əməkdaşları üçün bir neçə məşğələ və seminarlar keçirilmişdir.
MSK-nın sədri demişdir ki, seçki kampaniyası milyonlarla seçicinin qatıldığı və uzunmüddətli bir prosesdir. Belə bir prosesdə müraciət və şikayətlərin olması təbiidir. Seçki komissiyaları isə daxil olmuş şikayətləri qanunun tələblərinə uyğun müddətdə araşdırmalı və müvafiq qərarlar qəbul etməlidir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən, yaxud hərəkətsizlikdən, qərarlardan verilən şikayətlərin araşdırılması məqsədi ilə MSK nəzdində 9 nəfərdən, DSK-ların nəzdində isə 3 nəfərdən ibarət ekspert qrupları yaradılmışdır. İndiki məşğələ-seminar da DSK-larda yaradılmış həmin qrupların üzvlərinin peşəkarlığının artırılmasına xidmət edir.
Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun mütəxəssisi Conatan Bernşteyn, AŞ baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek və ATƏT-in Bakı ofisi rəhbərinin müavini Aleksis Şahtaxtinski məşğələ-seminarın əhəmiyyətini vurğulamışlar.
Sonra Mərkəzi Seçki Komissiyasının, Avropa Şurasının, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun mütəxəssisləri və müstəqil ekspertlər şikayət və müraciətlərə baxılması qaydaları ilə bağlı məşğələlər keçmişlər.
Avqustun 22 -də davam etdiriləcək bu tədbirdə 65 dairə seçki komissiyasının əməkdaşları iştirak edirlər. Digər DSK-ların əməkdaşları üçün məşğələlər avqustun 25-26-da keçiriləcəkdir.