ORDU
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 21 dəfə pozub VİDEO
Bakı, 1 fevral, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 21 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Berkaber kəndində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində və Tovuz rayonunun Koxanəbi, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altındakı Çiləbürt, Ağdam rayonunun Şıxlar, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.