MƏDƏNİYYƏT
“Muğamat var olan yerdə” layihəsinin ilk konserti
Bakı, 27 oktyabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə reallaşan “Muğamat var olan yerdə” layihəsi çərçivəsində mövsümün ilk konsert proqramı təqdim olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsertdə VI “Muğam televiziya müsabiqəsi”nin qalibi, gənc xanəndə Pərviz Qasımov çıxış edib.
“Dilkeş”, “Şikəsteyi-fars” təsniflərinin, “Dəli ceyran”, ”Xumar oldum”, “İlk məhəbbət”, “Yaşa məhəbbətim, yaşa ürəyim” xalq və bəstəkar mahnılarının səsləndiyi konsert proqramı “Qarabağ şikəstəsi”nin ifası ilə yekunlaşıb.
Gənc xanəndənin müəllimi, Əməkdar Artist Təyyar Bayramovun da çıxış etdiyi konserti “Uğur” ansamblı müşayiət edib.
Qeyd edək ki, AZƏRTAC konsertin informasiya dəstəkçiləri sırasındadır.