MÜSABİQƏNİN BİRİNCİ MƏRHƏLƏSİNƏ YEKUN VURULMUŞDUR
Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu il ilk dəfə keçirilən “Gözəl şəhər, təmiz kənd və ləyaqətli vətəndaş” müsabiqəsinin işçi qruplarının iclası olmuşdur. Nazir Hüseynqulu Bağırov iclası açaraq bildirmişdir ki, 46 şəhəri və 25 kəndi əhatə etmiş birinci mərhələnin nəticələrinə əsasən, müsabiqəyə ilkin yekun vurulmuşdur. Nazirliyin ekspertlərindən, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, jurnalistlərdən ibarət işçi qrupları qanunsuz zibilliklər, xüsusi poliqonların şəraiti ilə bağlı vəziyyətlə tanış olmaq üçün bölgələrə getmişlər. Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Yevlax, Ağdaş və Qaxda geniş abadlıq işləri görülmüş, ərazilər tullantılardan təmizlənmiş, qanunsuz zibilliklər ləğv edilmişdir. Bununla belə, bəzi rayonlarda mənfi hallar müşahidə olunmuşdur. İsmayıllı şəhərində və Samux rayonunun Nəbiağalı kəndində zibillik olmadığından tullantılar meşəyə atılır. Zaqatala, Balakən, Qəbələ, Xanlar, Lerik, Cəlilabad və digər rayonlarda tullantılar çaylara və digər su mənbələrinə bitişik ərazilərə tökülür.
Nazir bildirmişdir ki, məişət və sənaye tullantılarının təkrar emalına dair kompleks tədbirlər milli proqramının qəbul olunması nəzərdə tutulur.
İclasda iştirak edən Milli Məclisin deputatı, müsabiqənin qiymətləndirmə komissiyasının üzvü Mübariz Qurbanlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu təşəbbüsünü və görülən işləri yüksək dəyərləndirmişdir.