Müşfiqabadda 2 hektar ərazidə 1000-dən artıq ağac əkilib
Bakı, 28 oktyabr, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyası zamanı 2 hektar ərazidə 1000-dən artıq ağac əkilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin payız əkin mövsümündə təşkil etdiyi ağacəkmə tədbirində Dövlət Gömrük Komitəsinin, Hesablama Palatasının, Qarabağ Dirçəliş Fondunun rəsmiləri və əməkdaşları, eyni zamanda, könüllülər iştirak ediblər.
Aksiya zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.