Musiqi tənqidinə dəyərli töhfə
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) musiqinin tarixi və nəzəriyyəsi kafedrasının dosenti, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin Qaralovanın “Musiqi tənqidi” kitabı çapdan çıxıb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, kitab ADMİU, Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası və digər ali məktəblərdə musiqişünaslıq ixtisası üzrə təhsil alan tələbələr, musiqi tənqidi ilə məşğul olmaq istəyənlər üçün nəzərdə tutulub. Uzun illər ali təhsil müəssisələrində musiqiyönümlü musiqi tənqidi fənni tədris olunsa da, bu fəndən ana dilimizdə heç bir dərs vəsaiti olmayıb. Bu baxımdan təqdim olunan “Musiqi tənqidi” kitabı ilk nəşr hesab edilir.
Dərs vəsaiti üç hissədən ibarətdir. Birinci hissə “Musiqi tənqidinin nəzəri əsasları” adlanır. Bu hissədə musiqi tənqidinin məqsəd və vəzifələri, bütün janrları - informasiya, anons, annotasiya, reportaj, resenziya, icmal, problemli çıxış, qeyd, məqalə, müsahibə, felyeton haqqında ətraflı məlumat verilir, nümunələr göstərilir. İkinci hissə “Qərb musiqi tənqidinin təşəkkülü və əsas inkişaf mərhələləri” adlanır. Bu hissədə musiqi tənqidinin yaranması antik dövrdən başlayaraq orta əsrlər, intibah dövrü, maarifçilik dövrü, romantizm musiqi tənqidi (R.Şuman, H.Berlioz. R.Vaqner), XIX əsrin birinci və ikinci yarısı qərb musiqi tənqidi yer alıb. Üçüncü hissədə isə rus musiqi tənqidinin təşəkkülü, inkişaf mərhələləri, tanınan musiqi tənqidçilərinin fəaliyyətinə (Ossovskiy, Kruqlikov, Stasov, Serov,Küi, Laroş, Asafyev və s.) nəzər salınır.
Kitabda Azərbaycan tənqidçilərinin də fikirləri yer alıb.