MUSİQİLİ KOMEDİYA TEATRININ KOLLEKTİVİ TÜRKİYƏDƏ UĞURLA ÇIXIŞ ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Bayburt şəhərində XIV Beynəlxalq Dədə Qorqud müsabiqəsi keçirilmişdir. On yeddi ölkədən gəlmiş kollektivlərin qatıldığı müsabiqədə Azərbaycanı Dövlət Musiqili Komediya Teatrının balet truppası, həmçinin əməkdar artist Xanım Qafarova və gənc ifaçı Ramil Qasımovdan ibarət 20 nəfərlik nümayəndə heyəti təmsil etmişdir.
Mərasim hər il olduğu kimi, qonaqların Dədə Qorqud türbəsini ziyarət etməsi ilə başlamış və Soğanlı dağında keçirilən tədbirlərlə sona yetmişdir.
Festivalın açılışı şəhərin mərkəzində keçirilmişdir. Bu möhtəşəm tədbirdə TBMM sədri Köksal Toptan və Baş nazirin müavini Cəmil Çiçək də iştirak etmişlər.
Ziyarətin ardınca “Türk dünyası” parkında təntənəli açılış mərasimi olmuşdur.
Beş gün davam edən festival “Azərbaycan” mahnısı ilə açılmış, “Yallı” rəqsi
ilə sona çatmışdır. Azərbaycan incəsənət ustaları müsabiqədə peşəkarlığı ilə fərqlənmişdir.
Festivalın hər günü axşamlar “Gənc Osman” stadionunda təşkil olunmuş məşhur türk sənətçilərinin konserti ilə başa çatırdı.
Festivalın 3-cü günündə kollektivimiz Bayburt bələdiyyəsi tərəfindən “Gənc Osman” stadionunda bir saat yarımlıq solo konsert vermək təklifi almışdır. Zakir Ağayevin rəhbərlik etdiyi balet truppamız ifa etdiyi “Salam Azərbaycan”, “Naz eləmə”, “Arşın mal alan”, “Qaytağı” və s. rəqslərlə tamaşaçıları heyran etmişdir.
Bu çıxışlardan sonra Ramil Qasımov dahi Üzeyir bəyin “Koroğlu” operasından Koroğlunun ariyasını, “Ağacda alma” və aşıq mahnılarını ifa etmişdir. Çıxışının sonunda ifa etdiyi “Sarı gəlin” mahnısı alqışlarla qarşılanmışdır. O, yalnız bayburtlulara deyil, bütün dünyaya bu mahnının azərbaycanlılara məxsus olduğunu sübut etmişdir. Sonda Xanım Qafarova “Reyhan” və “Leylam” mahnılarını ifa etmişdir.
Konsert Zakir və Leyla Ağayevlərin hazırladığı “Yallı” rəqsi ilə başa çatmışdır.