Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir
Bakı, 26 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fövqəladə hallar nazirinin müavinləri general-leytenant Ragim Lətifov və Tapdıq Əmiraslanov, nazirliyin Aparatının nümayəndələri və Xidmətin əməkdaşları iştirak ediblər.
Əvvəlcə, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotostendə baxıb, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanan və dahi şəxsiyyətə həsr edilən “Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti” kitabı ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov bildirib ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.
“Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”, - deyə sözünə davam edən Hikmət Abbasov Ulu Öndər Heydər Əliyevin ideya və əməllərini layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Ordumuzun rəşadəti sayəsində 30 ilə yaxın müddətdə düşmən işğalında olan doğma Qarabağımızın əbədi azadlığına qovuşduğunu, azad olunmuş ərazilərimizdə böyük quruculuq işlərinin getdiyini, infrastruktur layihələrinin icra olunduğunu iftixar hissi ilə dilə gətirib.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin xalqımızın xilaskarı kimi şərəfli ömür yolundan danışıb, müstəqil Azərbaycanın qazandığı uğurlardan geniş bəhs edib.
“Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti” kitabının müəllifi, Xidmətin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Rövşən Bəkirov çıxışında Ulu Öndərin Azərbaycanın yanğın təhlükəsizliyi orqanlarının inkişafındakı rolundan danışıb.
Sonda iştirakçılar Ulu Öndərin anadan olmasının 100 illik yubileyi münasibətilə hazırlanan “Əbədiyyətin ilk əsri. Heydər Əliyev 100” filminə baxıblar.