Müstəqil Azərbaycanın əldə etdiyi uğurlar birbaşa Heydər Əliyevin adı ilə bağlıdır
Qax, 14 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqı öz milli qurtuluş mübarizəsinin tarixini yad edərkən, ilk növbədə, bu tarixin yaradıcısı, ümummilli lider Heydər Əliyevi xatırlayır, dahi şəxsiyyətin ölməz ruhu qarşısında baş əyir. 1993-cü ilin iyununda müstəqilliyimiz məhv olmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda məhz Ulu Öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulub, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 15 İyun - Milli Qurtuluş Günü münasibətilə iyunun 14-də Qax rayon mədəniyyət işçilərinin iştirakı ilə keçirilən videokonfransda səsləndirilib.
Konfransda 1993-cü ilin iyununda Azərbaycanda baş verən ictimai-siyasi proseslərə geniş nəzər salınıb, dövlətçiliyimizin qorunması və vətəndaş qarşıdurmasının aradan qaldırılmasında Heydər Əliyevin tarixi xidmətləri bir daha xatırlanıb. Videokonfransda çıxış edən Şəki Regional Mədəniyyət İdarəsinin Qax rayonu üzrə nümayəndəsi Dilarə Əzizova, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Güllü Əhmədova, Mədəniyyət Mərkəzinin direktoru Kəmalə Məcidova və başqaları 1993-cü ilin iyun günlərində Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçiliyində həlledici dönüşün baş verdiyini vurğulayıblar. Qeyd olunub ki, dahi rəhbərin qayıdışı ilə ölkənin qarşısında duran problemlər mərhələlərlə həll olunmağa başlayıb, ayrı-ayrı şəxslərə, siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilib, ölkədə əmin-amanlıq, siyasi sabitlik yaranıb.
Çıxış edənlər Azərbaycanın 27 il əvvəl, iyunun 15-dən başlanan yüksəlişinin bu gün də davam etdiyini vurğulayıblar. Qeyd olunub ki, ölkə iqtisadiyyatı gündən-günə güclənir, qüdrəti artır, siması yenilənir. İndi müstəqil Azərbaycan Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində dünyanın qüdrətli və zəngin ölkələrindən birinə çevrilib.