MÜVƏKKİL BEYLƏQANDA İCTİMAİ DİNLƏMƏLƏR KEÇİRMİŞDİR
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, müvəkkil Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsi vəziyyətinin monitorinqi məqsədi ilə Beyləqan rayonunda ictimai dinləmələr keçirmişdir.
Tədbirdə Milli Məclisin deputatı Səfər Məmmədov, rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmə, daxili işlər şöbəsi və prokurorluğun, dairə seçki komissiyalarının, ictimai qurumların və digər təşkilatların nümayəndələri iştirak etmişlər.
İnsan hüquqları üzrə müvəkkil bu rayonda çoxsaylı məcburi köçkün soydaşımızın məskunlaşdığını, onların problemlərinin daim diqqətdə saxlanıldığını, hüquqlarının müdafiə edildiyini bildirmişdir.
E.Süleymanova MFP-nin təsdiqindən ötən müddətdə görülən işlərdən, sənədin tətbiqi ilə bağlı keçirilən ictimai dinləmələrdən, seçki qanunvericiliyində olan dəyişikliklərdən danışmışdır.
Müzakirələrdə çıxış edənlər MFP-də məhkəmə, prokurorluq və polis orqanları qarşısında qoyulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının, o cümlədən seçki hüquqlarının təmin olunması, vətəndaşlara şəxsiyyət vəsiqəsinin verilməsi vəziyyəti barədə məlumat vermişlər.