Muxtar respublikada 6 ayda əsas kapitala 562 milyon manatdan çox vəsait yönəldilib
Naxçıvan, 24 iyul, AZƏRTAC
Muxtar respublikada 2020-ci ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 562 milyon 359 min 200 manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında əsas kapitala vəsait qoyuluşlarının həcminin daha çox olduğunu deməyə əsas verir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, vəsait qoyuluşlarının 537 milyon 652 min 100 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilib. Bu da bir il öncəki göstəricidən 0,4 faiz çoxdur.
Bu ilin yanvar-iyun aylarında muxtar respublikada 145 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 182 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Muxtar respublikada tikinti-quraşdırma işlərində şəffaflığın və qiymət intizamına nəzarətin daha effektiv və çevik şəkildə təmin edilməsi məqsədilə “Elektron nəzarət portalı” yaradılıb.
Cari ilin ötən dövründə yaşayış məntəqələrində kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məqsədilə muxtar respublikaya 14 kommunal təyinatlı müxtəlif, o cümlədən 5-i bərk tullantıların, 6-sı məişət tullantılarının daşınması üçün, 3-ü isə digər kommunal təyinatlı texniki nəqliyyat vasitəsi gətirilib.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq bu ilin yanvar-iyun aylarında 3 kənd mərkəzi istifadəyə verilib, 6 kənd mərkəzinin inşası davam etdirilir.
Muxtar respublikada 2 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, 5 yaşayış binasının tikintisi, 11 yaşayış binasının yenidən qurulması davam etdirilir. Bundan əlavə, Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin tikintisi, tələbə yataqxanasının yenidən qurulması davam etdirilir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib, 2020-ci ilin yanvar-iyun aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə, 233 min 814 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib.
Şərur rayonunun Dəmirçi kəndində içməli su xəttinin çəkilişi başa çatdırılıb, Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində, ətraf qəsəbə və kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin, Şərur rayonunda sutəmizləyici qurğunun, Cəlilkənddə və Kəngərli rayonunun Qarabağlar kəndində içməli su şəbəkələrinin tikintisi davam etdirilir.