Muxtar respublikada 780 saatdan çox nümunəvi dərs tədris edilib
Naxçıvan, 6 yanvar, AZƏRTAC
2020-ci ilin dekabr ayının sonunadək AMEA Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən 150, Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən 463, “Naxçıvan” Universitetinin əməkdaşları tərəfindən 27, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları tərəfindən 80, Naxçıvan Tibb Kollecinin əməkdaşları tərəfindən isə 66 saat olmaqla ümumilikdə 786 saat nümunəvi dərs tədris edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, cari tədris ilində oktyabr ayından başlayaraq nümunəvi dərslərin tədrisi davam etdirilir. Ümumtəhsil məktəblərində nümunəvi dərslərin tədrisi nazirlik tərəfindən verilən qrafikə uyğun olaraq tədris ili ərzində AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci və Naxçıvan Dövlət Texniki Kollecinin əməkdaşları tərəfindən ayda bir dəfə elmi dərəcəli müəllimlər tərəfindən aparılır.
Qeyd edək ki, nümunəvi dərslər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” 2015-ci il 14 mart tarixli Sərəncamına əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi və elmi adı olan alimlərinin iştirakı ilə təşkil edilir.